"Ali Baş Komandanın müsahibəsi dünyada böyük maraq doğurub"

“Azərbaycanı müharibədən qalib çıxaran Ali Baş Komandan bu gün də dünyanın diqqətindədir. Onun dedikləri bütün dünya tərəfindən izlənir, oxunur... O cümlədən Ermənistan cəmiyyəti də hazırki durumla bağlı real vəziyyəti Prezident İlham Əliyevin dediklərindən öyrənir, çünki Ermənistan rəhbərliyinin xalqı aldatdığı aydındır”. Bu fikirləri SİA-ya açıqlamasında “İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova deyib.
 
O söyləyib ki, biz Vətən müharibəsinin dünyanın marağında olduğunu gördük: “Xarici medialardan alınan müsahibələr, verilən qərəzli suallar və o suallara iradəli, güclü duruşu ilə cavab verən Müzəffər Ali Baş Komandan. Biz 44 günlük Vətən müharibəsinin, bu Zəfərin çox ölkələrə nümunə olacağını, dünyanın bu təcrübədən yararlanacağını demişdik. Bu nəticə ona görə bizi çox da təəccübləndirmir”.
 
Ə. Şükürova vurğulayıb ki, “BBC News”a verilən müsahibədə müxbirin ədalətsiz və məkirli suallarına cənab Prezidentin dəmir məntiqlə cavab verməsi necə ajiotaj yaratmışdısa, hazırda həmin müsahibə yenə də dünyada böyük maraq doğurub: “Müsahibənin 3 milyondan çox izlənməsi onu sübut edir ki, onun fikirləri dünyanın diqqət mərkəzindədir. Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandanın uğurlu siyasətinin nəticəsidir ki, bu gün qalib ölkə olaraq qürur duyuruq. Ötən il hüznlə qeyd etdiyimiz tarixi, bu gün qürurla qeyd edirik, yaşayırıq, bu tarixə şahid oluruq”.