Şuranın dəstəyilə Lənkəranda “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!”
qhtxeber.az  “Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində Lənkəran şəhərində bir günlük təlim təşkil edib.
        
Lənkəran rayonunda yerləşən orta, orta-texniki, həmçinin texniki-peşə  məktəblərinin şagirdləri, gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi təlim insan alveri, onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları ilə bağlı olub. 
 
İctimai Birliyin təlimçisi Qafar Cəfərov və hüquqşünası İlqar Qasımov insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər və s. barədə məruzə ediblər. 
 
Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilib, Lənkəran rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə ətrfalı məlumat verilib.
      
Təlim interaktiv şəraitdə davam edib və sonda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr etdirilmiş “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” adlı bukletlər paylanılıb.
 
 


08.11.2019 | 14:23