Şuranın dəstəklədiyi “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” yekunlaşıb
qhtxeber.az  “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi yekunlaşıb.
 
Bu barədə qhtxeber.az-a “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.
 
Təşkilat rəhbəri qeyd edib ki, QHT TV-nin dəstəklənməsinə yönələn bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində baş tutub.
 
Layihə QHT-lərin fəaliyyətinin təşviq edilməsi ilə müxtəlif sektorlar arasında etimadın artırılmasına və cəmiyyətin davamlı inkişafına xidmət edib.
 
Cəsarət Hüseynzadə qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanları dedikdə, məhz multimedia (internet TV) imkanlarının yaradılması və inkişafı, bu fəaliyyətlərin sosial media üzərindən aparılması nəzərdə tutulur.
 
Layihənin əsas mahiyyəti vətəndaş cəmiyyəti sektorunda baş verən hadisələr, QHT-lərin fəaliyyəti, həyata keçirdiyi layihələr və tədbirlər haqqında  video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, vətəndaş cəmiyyəti sektorunun fəaliyyətini təbliğ etmək olub.
 
Cəsarət Hüseynzadə bildirib ki, layihə çərçivəsində QHT-lərdən əldə olunan press relizlər və video materiallar əsasında QHT TV-nin Xəbərlər Blokunun 15 sayı hazırlanıb. Xəbərlər bloku 5-15 dəqiqəni əhatə edib. Hər xəbərlər blokuna 3-9 xəbər daxil edilib (gündəmdən asılı olaraq.) Ümumilikdə isə 15 bloka 53 xəbər daxil edilib.
 
Layihənin spesifikliyini nəzərə alaraq İşçi Qrup Azərbaycanın ictimai siyasi həyatında baş verən hadisələr ilə bağlı vətəndaş cəmiyyəti təşkilatlarının mövqeyi, o cümlədən QHT-lərin fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq tədbirlərdə iştirak  və digər məsələlər ilə bağlı  reportaj, müsahibə və verilişlərin hazırlanması və cəmiyyətə təqdim edilməsini öz fəaliyyətin prioritet sahəsi hesab edib. Bu baxımdan layihə fəaliyyəti dövründə baş verən aktual məsələlər ilə  bağlı 37 reportaj, veriliş və müsahibə hazırlayaraq izləyicilərə təqdim edilib.
 
Hazırlanan xəbərlər bloku, verilişlər, müsahibələr və digər reportajlar  QHT TV-nin internet bazasına qhttv.az-a eyni  zamanda qht.az saytlarına daxil edilib.  Eyni zamanda QHT TV-nin facebook səhifəsində və Youtub kanalı vasitəsi ilə də ictimaiyyətə təqdim edilib.
 
Bu video materiallar  qadınlar, uşaqlar, gənclər, sağlamlıq, ahıllar, müharibə veteranları, Azərbaycan həqiqətləri, Qarabağ və digər mövzularda həyata keçirilən layihələri əhatə edib.
 
Qeyd edək ki, QHT TV 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində fəaliyyətə başlayıb.
 
 


09.10.2019 | 14:56