“Transparency İnternational“ “reket“ üsullarla qrant alır
Keçən həftə beynəlxalq təşkilatlar, QHT-lər, onların çağdaş qlobal siyasi müstəvidə rolu və yeri, azalan əhəmiyyəti, müxtəlif iqtisadi və siyasi lobbi qrupları üçün poliqon rolunu oynaması, demokratiya, insan haqları və şəffaflıq kimi mövzulardakı hesabatların beynəlxalq səviyyədə siyasi - iqtisadi maraqlar üzərində təsir vasitəsi, alver mövzusu kimi istifadə olunması haqqında geniş danışdıq.
 
Bu tip təşkilatların məhz ölkəmizə qarşı siyasi məqsədlərlə istifadə olunması barədə geniş danışıldığı üçün mən məhz Azərbaycana qarşı istifadə olunan iqtisadi alətlər haqqında danışmaq ehtiyacı duydum.
 
Heç kimə sirr deyil ki, ən yeni tarixdə müharibələr döyüş meydanlarından, sərhədlərdən daha çox beynəlxalq təşkilatların sessiyalarında, KİV-də və sosial mediada davam edir. Qlobal siyasi müstəvidə son illərin geniş yayılmış mübarizə üsullarından biri də yalan və təhrif olunmuş məlumatlar üzərindən hibrid üsullarla aparılan sistemli informasiya əməliyyatları kimi təbliğat və propoqandanın həyata keçirilməsidir. Biz bunu hərbi məqsədlərin siyasi və iqtisadi alətlərlə aparılması kimi adlandıra bilərik.
 
Azərbaycanın hibrid informasiya müharibəsində, sistemli informasiya əməliyyatlarına məruz qalan dövlətlər siyahısında öndə getməsi Aİ-nin, beynəlxalq təhlükəsizlik mərkəzlərinin hesabatlarında və bu mərkəzlərin rəsmilərinin ifadələrində öz əksini tapır.
 
Son illər bütün dünya hibrid müharibələrdə kəşfiyyatlarla paralel, beynəlxalq QHT və onların ölkələr daxilndəki təsisatlarının iş birliyinin, bir növ "koalisiyası"nın mövcudluğu faktı ilə üz-üzədir. Keçən yazıda haqqında danışdığımız, özünü ümumdünya anti korrupsiya koalisiyası adlandıran, ölkələr üzrə korrupsiya səviyyəsini müəyyənləşdirmək qədər iddialı, həmçinin bu məlumatları ölkələr üzrə mediada gedən korrupsiya haqqında məlumatların cəmlənməsi kimi qeyri-ciddi bir üsulla müəyyənləşdirən "Transparency İnternational" bu günlərdə 2018-ci il üçün Korrupsiya Qavrama İndeksini yayımladı və Azərbaycanı adəti üzrə yenə də öz reytinq siyahısında arxa sıralarda yerləşdirdi.
 
Keçən həftəki yazımdakı məlumatları təkrarlamadan beynəlxalq hüquq və münasibətlər eksperti kimi "Transparency İnternational"ın dünyadakı yeri və nüfuzu, həmçinin ölkəmiz üçün "müəyyənləşdirdiyi" yerin obyektivliyi haqqında yazmaq ehtiyacı duydum.
 
Mövzu iqtisadi sahəyə aid olduğu üçün, son ilin və xüsusilə 2018-ci il Azərbaycanın iqtisadi mənzərəsi haqqında danışaq.
 
Son illər qlobal iqtisadiyyatda gedən “idarəolunan” proseslərdə neft gəlirlərinin azalması fonunda mürəkkəb xarici iqtisadi mühitin makroiqtisadi və maliyyə sabitliyinə minimal təsir göstərmiş Azərbaycanda iqtidarın son illər korrupsiyaya qarşı real mübarizə aparması, ölkə rəhbərliyinin gənc, sağlam, islahatçı komandasının formalaşdırılması, çevik dövlət idarəçiliyi təcrübəsinin tətbiqi prosesi davam edir.
 
Azərbaycanda dayanıqlı makroiqtisadi və maliyyə sabitliyini təmin edən əlverişli biznes və investisiya mühiti, sahibkar hüquqlarının müdafiəsi imkanlarının yaradılması, qorunması və inkişafı dünyaca etibarlı, nüfuzlu maliyyə və kredit institutları tərəfindən izlənilir, yüksək qiymətləndirilir. Məsələn, 2018-ci ildə beynəlxalq reytinq agentlikləri "Standard & Poor`s" , "Moody`s" və "Fitch" Azərbaycanın kredit reytinqini yüksəldib. "Heritage Foundation" dərc etdiyi nüfuzlu "2018 İqtisadi Azadlıq" indeksində isə Azərbaycanın göstəriciləri nəinki MDB ölkələrini, hətta Fransa, İtaliya kimi dövlətləri üstələmişdir.
 
Qlobal iqtisadiyyat və maliyyə dünyasının qanunverici təsisatları kimi tanınan belə nüfuzlu maliyyə və kredit institutlarının Azərbaycanı bu qədər yüksək dəyərləndirdiyi bir vaxtda, ayrı-ayrı ölkələrdə daxili siyasi qrupları maliyyələşdirməsi, korrupsiya və şübhəli maliyyə əməliyyatları ittihamı ilə 15 -ə yaxın ölkədə nümayəndəlikləri rəsmi şəkildə bağlanmış "Transparency İnternational"ın Azərbaycanı neqativ indeksdə göstərməsi heç də təsadüfü deyil.
"Transparency İnternational"ın müxtəlif ölkələrdə nümayəndəliklərinin bağlanması səbəbləri haqqında kiçik araşdırma ilə ortaya çox aydın bir mənzərə çıxır.
 
Məsələn, "Transparency İnternational" Amerika Birləşmiş Ştatlarından Bechtel, Deloitte, Google, Pfizer , Citigroup, ExxonMobil, Fluor, General Electric, Lockheed Martin, Marsh & McLennan, PepsiCo, PricewaterhouseCoopers, Raytheon, Realogy, Tyco и Freeport-McMoRan и Johnson & Johnson kimi transmillətli şirkətlərin, beynəlxalq korporasiyaların maliyyəsi əsasında ABŞ siyasi sistemini korrupsiyalaşdırmaq ittihamı ilə bağlanmışdır.
 
Məhz "Transparency İnternational" bu şirkətlərdən qrant şəkilində milyonlarla maliyyə alaraq ABŞ siyasətçilərinə ötürməkdə vasitəçi olmuş, iqtisadi lobbist kimi transmilli korporasiyaların maraqlarına xidmət etmişdir.
 
Avropa ölkələrində isə, məsələn, Xorvatiyada "Transparency İnternational" siyasi proseslərə müdaxilə, müxalif qrupların xaricdən maliyyələşdirilməsi ittihamı üzündən bağlanmışdır.
 
Qeyd edim ki, ABŞ-da da "Transparency İnternational"a analoji ittiham irəli sürülmüşdur. 2012-ci ildə "Transparency İnternational" Klinton fonduna verdiyi "Dürüstlük Mükafatı"-nın 2015-ci ilin aprelində Demokratlar Partiyasının namizədlik uğrunda kampaniyasının qızğın çağlarında yeniləməsi haqqında ABŞ Milli İctimai Radiosundan səslənən bəyanatı , qurumun ABŞ-da daxili seçkiyə müdaxilə cəhdi kimi qəbul edilmişdir. Çünki daha sonra Demokratlar Partiyası bunun üzərindən təbliğat kampaniyası aparmışdılar.
 
Bütün bunlara "Transparency İnternational"ın son illərin ən səs-küylü qalmaqalı kimi yadda qalan, illik hesabatlarında transmilli "Simens" şirkətinin 7 müxtəlif ölkədə 1.6 milyard dollar rüşvət verməsi haqqında məlumatlardan sonra "Simens" şirkətindən rəsmi 3 milyon dollar qrant alması faktını əlavə etsək, mənzərə tamamlanır. Bu qalmaqalı iqtisadi və siyasi analitiklər "Transparency İnternational"ın beynəlxalq səviyyədə "reket" üsullarla qrant alması kimi qəbul etmişdilər.
 
Bütün bunlar, daha öncə də qeyd etdiyim kimi, qlobal iqtisadi və maliyyə dünyasının qanunverici təsisatları kimi tanınan, nüfuzlu maliyyə və kredit institutlarının Azərbaycanın pozisiyasını bu qədər yüksək dəyərləndirdiyi bir ildə "Transparency İnternational"ın enerji və maliyyə ehtiyatları ilə zəngin ölkəmizin niyə belə neqativ indeksi verməsini izah edir.
 
Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert
 
 


06.02.2019 | 10:15