"Qulağınızı sevindirin!"

Anar Yusifoğlu


Qəzet, televiziya, sayt oxucularını, tamaşaçılarını əziyyətə salıb dolayısıyla "ayağına gətirir", bu kütləvi informasiya vasitələri tamaşaçı və oxucuların özlərinin təşrif buyurduğu, seçdiyi informasiya ünvanlarıdı, amma radio hamının hörmətini saxlayaraq, hamıya şərəf verərək onları dinləyici etmək üçün özünə əziyyət verir, özü hamının qulağına pıçıldamaq üçün gəlir və dincəldir. Əgər bacarırsa!
 
Nə istəyirsən, nədən istəyirsən, hansı dalğada, hansı tezlikdə istəyirsən, ora qədər sənin yanına gəlir. Səni dinləyici edir. Əlbəttə, çığırqan, hay-küyçü, haray-həşirçi olanları da var. Ancaq belələrinin də əlindən qaçıb qurtulmaq üçün ƏN ASAN yol da var. O da bu son iki ildə mümkün olub: "ASAN Radio"! Məhz "ASAN Radio" sayəsində heç kimlə üz-göz olmadan, hamıdan və hər kəsdən ayrılıb, sanki bir guşəyə çəkilib qulağına dinclik verirsən. 
 
"ASAN Radio" qulağımızın dincliyidi - istədiklərimizi soruşmadan bilib bizim üçün menyu seçən, bizi həm ev sahibi, həm də qonaq kimi məst edən bir sehrli səs, sehrli bir düşüncə! Abırlı və həlim, mədəni və şirin, gözəl və lətafətli!
 
Niyə?
Çünki "ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. 
 
Missiyası obyektiv media təşkilatı formalaşdırmaq, xəbəri birinci mənbədən çatdırmaq və cəmiyyətin maariflənməsində aktiv iştirak etmək olan radiodan narazı qalmaq mümkün deyil!
 
İlk növbədə isə dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olmaq, əhalinin sosial və hüquqi cəhətdən maariflənməsinə dəstək göstərmək radionun efir siyasətinin əsasını təşkil edir. Bundan da rahatlıq gətirən ikinci bir amil varmı - diqqətin yayınmır, əlavə axtarışlara ehtiyac qalmır, istənilən qanuni və hüquqi tələbatları ödəmək üçün lazım olan bilgilər anındaca müvafiq instansiyalardan və cavabdeh şəxslərdən əldə edilir və "no problem"!
 
Üstünlük verilən milli musiqilər isə, əlbəttə ki, ürək açır! Pafosa və populizmə yuvarlanmadan sayğılarımızı, ən xoş arzularımız bu radioya çatdırırıq - çünki "ASAN Radio" pafosdan və populizmdən uzaq qaçmaqla bizləri öz dalğasına kökləyə bilib!
 
Səmimi, faydalı, ən asan radio!
 
İki il çox azdır! Amma iki il həm də bizi özünə bağlayan bir müddət ola bildi!
 
Təbrik edirik efirimizin çox asanlıqla liderlər sırasına yüksələn həmkarlarımızı!
Doğru olanı da elə budur: lider olmaq çox asandır, yetər ki, liderlik keyfiyyətləri və düşüncəsi olsun!
 
Asanınız avand gəlsin, dostlar!