Uğurlu peşə seçiminin ASAN yolu

Dünyada texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına töhfə verən aparıcı sahələrdən biri kimi dəyərləndirilir. Çünki keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir.
 
Bununla əlaqədar dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənən tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır.
 
Azərbaycan müstəqilliyini elan etdikdən sonra sovet imperiyasının dağılması ilə əlaqədar ortaya çıxan bir çox problemlərlə qarşı-qarşıya qaldı. Bunlardan biri də peşə təhsili verən məktəblərin ləğv edilməsi və ya profilini dəyişməsi idi. Bu səbəbdən də get-gedə ölkədə texniki peşə təhsili sisteminə maraq azaldı. Lakin dövlət tərəfindən görülən müvafiq tədbirlər sayəsində bu sahədə vəziyyət ildən-ilə yaxşılığa doğru dəyişir.
 
Hökumətin bu istiqamətdə siyasətini tətbiq etmək və ilkin texniki peşə təhsili sisteminin idarə edilməsi prosesinin təkmilləşdirilməsi üçün Prezident İlham Əliyev 20 aprel 2016-cı il tarixdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzaladı. Bu yeni təhsil müəssisəsi sayəsində regionlarda eyni ixtisaslar üzrə təhsil verən ilkin texniki peşə təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulub. Bu addım eyni zamanda regional, sosial və iqtisadi inkişaf perspektivlərini nəzərə alaraq mövcud fondlardan, maddi-texniki təminatdan və texniki sahə üzrə təhsil almaq imkanlarından daha səmərəli şəkildə istifadə etməklə ilkin texniki peşə təhsili müəssisələri şəbəkəsinin səmərələşdirilməsinə kömək edəcək. Hazırda ölkədə 114 ilk peşə-ixtisas təhsili müəssisəsi var. Bunlardan 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), 2-si tədris mərkəzidir. Peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşdiyindən onların fəaliyyəti dayandırılıb. Ümumiyyətlə, respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə təqribən 24000 şagird təhsil alır. İlk peşə ixtisas təhsilinin müddəti 1 ildən 3 ilə qədərdir.
 
Effektiv peşə təhsili üçün strateji hədəflər müəyyənləşdirilib
 
Bu gün inkişaf etmiş ölkələrdə məzunların 40-60 faizi ümumi orta təhsildən sonra ilkin texniki peşə təhsili müəssisələrinə daxil olduğu halda, Azərbaycan üçün bu göstərici 11 faizdir. Bütün bunlar nəzərə alınaraq Azərbaycanda peşə təhsili və təlimi sisteminin strateji hədəfləri müəyyənləşdirilib. Belə ki, Prezident İlham Əliyev 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ni təsdiq edib. Sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanıb. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün baxış müəyyən edilib. İşəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, məqsədli peşə inkişafı proqramlarının, eləcə də, sektorlar üzrə spesifik proqramların yaradılması, peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi əsas məqsədlərdir.
 
 
 
“ASAN peşə” bu il bütün Azərbaycanı əhatə edib
 
Peşə təhsili ilə bağlı digər sevindirici məqam odur ki, bu sahəyə nəzarəti artıq Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” həyata keçirir. Belə ki, “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı 2016-2017-ci tədris ilindən etibarən “ASAN xidmət” mərkəzlərində aparılır. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış layihə ilk növbədə pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Ötən tədris ilində Bakı şəhərindəki 27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4 411 şagird, Gəncə şəhərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə isə 680 şagird qəbul olunub. Peşə-ixtisas məktəblərinə şagird qəbulu bu il də “Asan xidmət” mərkəzlərində çox uğurla həyata keçirilib. Bu il sözügedən layihənin miqyası daha da genişlənib. Belə ki, layihə bu tədris ilində bütün Azərbaycanı əhatə edib. Yaxşı hal budur ki, ötənilki qəbulda sənəd verənlərin 25 faizindən çoxunun orta bal göstəricisi 4-dən yuxarı olub. Bu isə o deməkdir ki, həmin gənclər təkcə ilk peşə-ixtisas müəssisəsinə deyil, orta ixtisas və ali təhsil müəssisələrinə də qəbul ola bilərdilər.
 
“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslərin isə istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət etmək imkanları olub. Artıq 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 1-22 avqust tarixlərində keçirilən birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə isə avqustun 28-dən start verilib. Proses sentyabrın 11-dək davam edib. Bu mərhələdə 3033 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Sənəd qəbulunda 10 min 277 nəfər qeydiyyatdan keçib. Boş qalan yerlərə əlavə ixtisas seçimi prosesi sentyabrın 11-dək davam edib. Bu prosesə birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla biliblər.
 
Layihənin məqsədi obyektivlikdir
 
Xatırladaq ki, ötən tədris ilindən başlayaraq həyata keçirilən “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Həmçinin layihə bu istiqamətdə səmərəliliyin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.
 
Beləliklə, bu məsələdə əsas amal Azərbaycanda texniki peşə təhsili sahəsinin imicini tam dəyişərək bu sahə üçün təkmilləşdirilmiş hüquqi və iqtisadi əsasların, eləcə də tədris əsaslarının yaradılmasına nail olmaqdan ibarətdir. Buraya dövlət və özəl sektor arasındakı əməkdaşlığa əsaslanan idarəetmə sistemi, ilkin texniki peşə təhsili müəssisələri və kolleclərinin səmərələşdirilmiş şəbəkəsi və ilkin texniki peşə təhsili sisteminin yeni iqtisadi model əsasında maliyyələşdirilməsi daxildir. Eyni zamanda texniki sahədə daha yaxşı yetişdirilmiş müəllimlərin olması Azərbaycanda əmək bazarının tələblərinə cavab verən və ölkənin iqtisadi ehtiyaclarını ödəməyə qadir olan təhsilli işçi qüvvəsinin meydana gəlməsi ilə nəticələnəcək.
 
“Azərbaycan” qəzeti