Binəqədi rayonunda məktəblilər arasında “Vergi Olimpiadası”

qhtxeber.az//  Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi bələdiyyələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Vergi Olimpiadası” layihəsinin yekun mərhələsi keçirilib. 
 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, RİH Aparatının şöbə müdiri Elman Dadaşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Rayon bələdiyyə sədrləri, orta ümumtəhsil müəssisələrinin direktorları, müəllimləri və şagirdləri, fəal gənclər iştirak ediblər. 
 
 
Müsabiqədə 3 (III-V, VI-VIII, IX-XI siniflər) qrup üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirilib.
 
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi bələdiyyələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Vergi Olimpiadası” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, “Vergi Olimpiadası”nın keçirilməsində əsas məqsəd orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli şagirdlərin müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Bu baxımdan layihədə bələdiyyələrin yaxından iştirakı təqdirəlayiqdır. 
 
 
Sonra çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı müsabiqə iştirakçısı olan şagirdlərə uğurlar arzulayıblar. 
 
Müsabiqə qalibləri diplom, kubok və hədiyyələrlə, digər iştirakçılar isə sertifikatlarla  təltif olunublar. Tədbirə rayonun istedadlı gənclərinin ifasında musiqi nümunələri ilə yekun vurulub.