Dövlət idarəetmə sistemində kadrların yenilənməsi və gəncləşdirmə siyasətinin aparılması zamanın tələbidir

Ramil İskəndərli


Azərbaycan Respublikasında dövlət idarəçiliyi hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti – Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər.
 
Dövlət idarəçiliyinin düzgün təşkili ölkədə iqtisadiyyatın inkişafının sürətlənməsinə təkan verən amillərdən ən vacibi hesab etmək olar. Son illər ərzində ölkəmiz dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən dövlətlər sırasında olmuş, bunu dünyanın mötəbər iqtisadi qurumları da təsdiqləmişdir. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Azərbaycanda dövlət idarəetmə sistemində zamanın tələbinə və sürətlə aparılan idarəetmə, hüquq, iqtisadi və maliyyə islahatların dinamikasına uyğun olaraq bır sıra yeni dövlət strukturlarının yaradılması, bəzi dövlət orqanlarının reformasiyası, eyni zamanda Prezident Administrasiyası daxil olmaqla, bir çox dövlət idarəetmə strukturlarında, hüquq mühafizə orqanlarında, ədliyyə sistemində və digər sahələrdə rəhbər vəzifələrə gənc kadrların cəlb edilməsi və qərar qəbul etmə prosesində irəli çəkilməsi prosesi izlənilməkdədir.
 
Son illər dünyada gedən qlobal iqtisadi proseslər və həmin proseslərin Azərbaycanda implikasiyası, yeni dövr çağırışlarla ayaqlaşan və müasir dövrün tələblərinə cavab verən kadrlara ehtiyac duyulduğundan və ən əsası idarəetmə sistemində gəncləşdırmə və yenilənmə sahəsində ölkə rəhbərliyi tərəfindən iradənin ortaya qoyulması, bu sahənin daha təkmilləşməsi və inkişaf etməsinə  inam yaradır.
 
Dövlət idarətetmə sistemində gəncləşdirmə istiqamətində rəhbərliyin sərgilədiyi iradə konkret icra mexanizmləri ilə dəstəklənməlidir. Bu mənada, hüquqi çərçivə baxımından əhəmiyyətli rol oynayan Gənc Kadrların Məlumat Bankının Əsasnaməsi Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Əsasnaməyə əsasən məlumat bankı öz ixtisas bilikləri və işgüzar bacarıqları, inkişaf potensialı və işlədikləri sahədə (tutduqları vəzifədə) əldə etdikləri nəticələrə görə daha yüksək vəzifəyə təyin edilə biləcək yaşı 29-dək olan peşəkar və perspektivli mütəxəssislər barəsində dolğun məlumat toplusudur. Bu cür resursun gəncləşdirmə siyasətinin aparılması zamanı daha aktiv istifadəsi arzuolunandır. Amma təbii ki, gəncləşdirmə siyasətinin həyata keçirilmə mexanizmləri təkcə bu Məlumat Bankının resursları ilə kifayətlənməməlidir.
Ümumiyyətlə dövlət idarəetmə sistemində gəncləşdirmə və yenilənmə siyasətinin aparılması nəticə etibarilə aşağıdakı nailiyyətlərin əldə olunması ilə şərtləndirilməlidir:
 
Dövlət orqanlarına vətəndaşlar tərəfindən etibarın yüksəlməsi,
Korrupsiyaya qarşı mübarizənin daha effektiv həyata keçirilməsi,
Ölkənin inkişafı istiqamətində və müasir dövr çağırışlarının idarə olunmasında çeviklik və dinamikanın mövcudluğu,
Kadrların professional inkişafının təmin olunması ilə yaxşı menecerlərin və idarəetmə kadrlarının yetişməsi.
Yuxarıda sadalanan nailiyyətləri əldə etmək üçün isə aşağıdakı konkret fəaliyyətlər həyata keçirilməlidir:
Dövlət idarəetməsi sahəsində gəncləşdirmə siyasətinin həyata keçirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
Dövlət qulluqçularının professional bacarıqlarının artırılması üçün kadrlarla iş üzrə yeni effektiv texnologiyaların və müasir iş metodlarının tətbiqi,
Dövlət qulluqçülarının əmək fəaliyyətinin nəticələrinin effektivliyinə görə məsuliyyətinin artırılması, fəaliyyətin stimullaşdırılması və əməyin motivasiyası istiqamətində yeniliklərin tətbiq olunması,
Maraqlar konfliktlərinin qarşısının alınması istiqamətində işin təkmilləşdirilməsi,
Yeni işçilərin karyera inkişafına təkan məqsədilə kouçinq və mentorluq texnologiyalarından istifadənin tətbiqi.
 
Yuxarıdakıları nəzərə alaraq, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi olaraq, ölkədə dövlət idarəetməsi sistemində aparılan gəncləşdirmə siyasətinin praktikada daha effektiv həyata keçirilməsi üçün mövcud olan mexanizmlərdən istifadənin gücləndirilməsi, yeni mexanizmlər işlənib hazırlanması, bu məsələdə formallıq və ya ayrı-seçkilik, gənc kadrların seçilməsi və irəli çəkilməsində müəyyən subyektiv kriteriyalara əsaslanaraq selektiv yanaşmanın tətbiqi hallarının tamamilə aradan götürülməsini, gəncləşdirmə siyasətinin həyata keçirilməsi cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərə, total loyallıq və sadiqlik münasibətlərinə yox, məhz fərdlərin professional bilik və bacarıqlarına arxalanaraq həyata keçirilməsi labüdlüyünü qeyd etməliyik.
Son dövrlər məhz bu istiqamətdə atılmış addımlar, son təyinatlar və siyasi rəhbərlik tərəfindən ortaya qoyulmuş iradə ölkəmizin dövlət idarəetmə sistemində gənc kadrların yeri və rolu baxımından gələcəyinə nikbin baxmağa əsas verir.
 
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri,
Harvard Universitetinin Con Kennedi Idarəetmə İnstitutunun “Liderlik, təşkilatçılıq və fəaliyyət” kursunun məzunu