Məmur-vətəndaş münasibətlərindəki problemlər

Xanoğlan Əhmədov


Vətəndaş müraciətlərini təhlil etmək, onların sayını, mövzularını, bəhs etdikləri problemləri və bunların həlli üçün görülən tədbirləri araşdırmaq, öyrənmək dövlət idarəetməsində mühüm vasitələrdən biridir. Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu və bu qanunun tətbiqi barədə 12 noyabr tarixli Fərmanı xüsusi qeyd etməliyik.
 
Bu qanun ölkə Prezidentinin vətəndaşlara, onların problemlərinə böyük qayğı və diqqətinin yeni təzahürüdür. Eləcə də, Azərbaycanda korrupsiyanın, bürokratiya və süründürməçiliyin kökünün kəsilməsinə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və dəstəyi ilə yaradılan “ASAN xidmət”in fəaliyyəti çox təqdirəlayiqdir. Təsadüfi deyildir ki, dövlət başçısı Azərbaycan vətəndaşlarının böyük rəğbətlə qarşıladığı bu xidmətin daha da genişləndirilməsinə olduqca diqqətlə yanaşır: “ASAN xidmət” Azərbaycan brendidir. Mən çox şadam ki, bəzi başqa ölkələrdə bu təcrübədən istifadə edirlər... İki il ərzində 7 milyondan çox müraciət olmuşdur. “ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu ictimai xidmətlər korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır”.                                                      
 
Ancaq bütün bunlarla yanaşı insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığı, vətəndaşların müraciətlərinə, problemlərinə laqeyd münasibət, həmçinin insan hüquqları sırasında xüsusi yeri olan, digər hüquqlardan istifadədə böyük əhəmiyyət daşıyan müraciət etmək hüququnun pozulma halları hələ də mövcuddur.
 
Məsələn, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məlumatında qeyd olunur ki, qurumun fəaliyyəti dövründə ünvanına ümumilikdə 130.010, 2015-ci ildə isə 15.320 müraciət daxil olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 16,5% çoxdur. Müraciətlərin 72,6 %-i şikayətlərdən, 27,4 %-i isə ərizələrdən ibarət olmuşdur. Prezident Administrasiyasına 2015-ci ildə  daxil olan vətəndaş müraciətlərinin növlər üzrə təsnifatı isə göstərir ki, ümumiyyətlə, 2015-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,8 faizini ərizələr, 31,2 faizini şikayətlər, 1 faizini təkliflər təşkil etmişdir. Həmin ildə respublikanın yerli icra hakimiyyəti orqanlarında 165 mindən çox vətəndaş qəbulda olmuş, şəhər və rayon icra hakimiyyəti başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaşların müraciətlərinə baxılması məsələləri 984 dəfə müzakirə edilmiş, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 232 nəfər barəsində intizam tənbehi tətbiq edilmişdir. Mülki, iqtisadi və sosial hüquqların pozulmasına dair olan bu şikayətlər əsasən, şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, məhkəmə qərarlarının icrası, xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı olmuşdur.                                                                      
 
Yuxarıda qeyd olunanlardan aydın görünür ki, müstəqil dövlətimizdə aparılan sosial-iqtisadi islahatlar fonunda, əhalinin sosial hüquqi maariflənməsinə də böyük ehtiyac duyulur. Belə ki, regionlarda aparılan sosial-siyasi islahatlar, mürəkkəb hüquqi prosedurların həyata keçirilməsi, bu fəaliyyəti həyata keçirən dövlət və digər təşkilatların nümayəndələrinin qanunvericiliyin qaydalarına necə əməl edib-etməməsi, buradakı peşəkarlıq, kadr siyasəti, insan amili və subyektivizm, əhalinin qanunvericiliklə tanışlıq səviyyəsi və digər məsələlər sosial siyasətin tarazlı həyata keçirilməsində olduqca mühüm faktorlardır. Əhalinin sosial hüquqlarını, sosial qanunvericiliyi bilməməsi bir çox hallarda onların hüquqlarının pozulmasına, rüşvətxorluq, qeyri-şəffaf fəaliyyət, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifqadə etməsinə və ya bu səlahiyyətləri aşmasına gətirib çixarır ki, bu da sonda vətəndaşlar tərəfindən haqlı olaraq sosial narazılıqla qarşılanır. Bu problemlər dairəsinə yerlərdə torpaq islahatları, sosial müavinətlərin verilməsi, pensiyaların düzgün təyin edilməsində buraxılan nöqsanlar, yerli icra orqanlarının nümayəndələrinin vətəndaşların sosial hüquqlarının bəzi hallarda izah olunmasında fəallıq göstərməməsi daxildir ki, nəticədə kənd və rayonlarda növbələr, şikayətçilərin sayının artması ilə müşahidə olunur. Bu sahədə mövcud olan problemləri necə həll etmək olar? Birincisi, vətəndaş cəmiyyəti institutlarını bu prosesə cəlb etməklə əhali arasında sosial-hüquqi maarifləndimə xidmətini təşkil etməklə vətəndaşların sosial hüquqi maariflənməsinə nail olmaq olar. Vətəndaşları qanunlarımızla tanış etməklə sosial hüquq pozmalarının qarşısını almaqda, hüquqlarının qorunmasında onlara yardım göstərmək, ictimai şüurda hüquq mədəniyyətini inkişaf etdirmək mümkündür.                                                                                                                                         
 
Digər tərəfdən, təcrübədən çıxış edərək qeyd etmək istəyirəm ki, yerlərdə dövlət qurumları tərəfindən vətəndaşlar və mətbuat nümayəndələri üçün “Şəffaf qəbul” günü-vətəndaş forumunun təşkili maarifləndirmə baxımından çox faydalıdır. “Şəffaf qəbul” gününün təşkilində başlıca məqsəd ictimaiyyəti günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, vətəndaşlara sosial-hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarını cavablandırmaqdır. “Şəffaf qəbul” günündə vətəndaşlar onlara keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi prosesini izləmək və yaxından tanış olmaq imkanı əldə edəcəklər. Belə maarifləndirici tədbirlərin təşkilində məqsəd qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunması, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır.                                                                                    
 
İnsan hüquq və azadlıqlarının təmin edilməsi və yaxşı idarəetməyə keçid son illərdə Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərini təşkil edir. Həyata keçirilən institusional islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri, qanunvericiliyin təkmilləşdiirlməsi vəs kimi çoxşaxəli tədbirlərin yeganə məqsədi ölkədə müasir standartlara cavab verən idarəetməni formalaşdırmaq, insan hüquq və azadlıqlarının təminatını gücləndirməkdən  ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 27 aprel tarixli Sərəncamı ilə təsdiqedilmiş Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Bunlar elektron xidmətlərin təkmilləşdirilməsi, iİnformasiya əldə edilməsinin təmin edilməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bizdə bu gün “ Elektron Azərbaycan” Dövlət Proqramı gerçəkləşməkdədir. Bu proqram birbaşa məmur-vətəndaş münasibətlərini  elektron münasibətlərə çevirir. Elektron münasibətlər isə keçmişdəki vaxt itkisini, təmənnalığı aradan qaldırır.                                                                                                                                            
 
Dövlət orqanlarında vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi bu sahədki problemlərin həllinə yardım göstərilməsi dövlət qurumlarının fəaliyyətində şəffaflığln artmasına səbəb olacaq. Vətəndaşlar tərəfindən haqlı olaraq sosial narazılıqla qarşılanan sosial hüquqların, sosial qanunvericiliyin və digər hüquqların pozulması problemlərinin ictimai rəyin diqqətinə gətirilməsi məsələsində yeni bir mexanizmin inkişafına töhfə verəcək. 
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri
 
Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması istiqamətində sosial-hüquqi maarifləndirmə işinin təşkili" mövzusunda həyata keçirilən layihə çərçivəsində yayımlanır