Aqroturizm Nümayiş Fermer Təsərrüfatları yaradılır

qhtxeber.az  Avropa İttifaqının maliyyə yardımı ilə "Yerli İdarəetməyə Yardım" İctimai Birliyi tərəfindən Azərbaycanın cənub bölgəsində "Şəfəq" Ekoturizm İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində icra edilən “İcma əsaslı aqrtoruzimin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi" layihəsi üzrə hədəf kimi seçilmiş Cəlilabad rayonunda Aqroturizm Nümayiş Fermer Təsərrüfatının yaradılması işləri həyata keçirilir.
 
Aqroturizm kənd təsərrüfatı və turizmin birgə formalaşdığı təsərrüfat hesab edilir. Bu baxımdan Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan sahibkar İdris Əliyevin üzüm və çiyələk bağında aqrtorizm fermer təsərrüfatının yaradılması üçün işlər görülüb. 
 
Layihənin ilk mərhələsində layihə əməkdaşları tərəfindən sahibkarın bu sahədəki bilik və bacarıqlarını artırmaq yönümündə müxtəlif təlim və tədbirlər təşkil edilib, Aqroturizm Nümayiş Fermer Təsərrüfatının tanıdılması üçün sosial çarxın çəkilişi həyata keçirilib. Aqroturizm fermer təsərrüfatına gələn turistlər burada üzüm dərmək, çiyələk yığmaq, bağda gəzinti, velosiped sürmək, piknik qurmaq və s. bu kimi aqroturizm fəaliyyətlərinə onların cəlb edilməsi üçün imkanlar təhlil edilib, tövsiyyələr verilib.
 
Məlumat üçün bildiririk ki, layihə ölkəmizin şimal və cənub regionunda ümumilikdə 8 rayonunu əhatə edir. Aqroturizm Nümayiş Fermer Təsərrüfatlarının eyni qaydada Cəlilabad rayonundan başqa, Lənkəran, Salyan, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonunda da yaradılması nəzərdə tutulub.