Sülh üçün Beynəlxalq İnstitutun saytı: “Ermənistan-Azərbaycan münaqişəsi daha təhlükəli və qeyri-stabil dövrə qədəm qoyub”

Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribatla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin beynəlxalq mediada yazıları dərc olunmaqda davam edir. Mərkəz rəhbərliyinin bu mövzu ilə bağlı məqalələri üç müxtəlif nəşrdə dərc olunub.
 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vyanada yerləşən Sülh üçün Beynəlxalq İnstitutun (İPP) saytında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin və mərkəzin baş məsləhətçisi Vasif Hüseynovun birgə müəllifi olduğu “Ermənistan-Azərbaycan münaqişəsi daha təhlükəli və qeyri-stabil dövrə qədəm qoyub” sərlövhəli məqalə dərc edilib. Yazı daha əvvəl həmin saytda yayılmış erməni tədqiqatçısının məqaləsinə cavab olaraq verilib. Həmin məqalədə Azərbaycanın Ermənistanda yerləşən Metsamor atom stansiyasını vurmaq niyyətində olduğuna və Tovuz hadisələrini ölkəmizin başlatdığına dair ittihamlar yer alır.
 
Buna çevik reaksiya verən BMTM-in ekspertləri göndərdikləri məqalədə Ermənistan–Azərbaycan münaqişəsinin və sülh danışıqlarının qısa tarixi, BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüququn tələbləri, Tovuz hadisələrində ölkəmizin üzləşdiyi təhdidlər barədə yazırlar. BMTM-in ekspertləri vurğulayırlar ki, 2018-ci ildən etibarən münaqişənin həlli istiqamətində başlayan müsbət dinamika Ermənistanın baş naziri Nikol Paşinyanın ardıcıl təxribatçı addımlarından sonra dayanıb və bugünkü təhlükəli səviyyəyə çatıb.
 
Bununla yanaşı, BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın ABŞ-da Corctaun Beynəlxalq Əlaqələr Jurnalında “Ermənistan-Azərbaycan kontekstində bərpaedici ədalət” sərlövhəli məqaləsi dərc olunub.
 
Məqalədə münaqişə tərəfləri arasında düşmənçiliyi azaltmaq üçün mümkün tədbirlər nəzərdən keçirilir və bərpaedici ədalətin vacib amil olduğu vurğulanır. Bildirilir ki, ədalətin bərpa edilməsi Ermənistan siyasətinin əsas elementi olmalıdır. Ermənistanın Azərbaycana qarşı bütün hüquq pozuntularını qəbul etməsi, münaqişənin ədalətli və sülh yolu ilə həlli istiqamətində həqiqətən işləmək istəyi ədalətin bərpası üçün başlıca rol oynaya bilər. Qeyd edilir ki, Azərbaycan torpaqlarının işğalı faktı ədalətin bərpası üçün perspektivləri təhlükə altına alır. “Bu baxımdan Ermənistan ədalətli və uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycanla konstruktiv danışıqlara daxil olmalıdır. Bu, həm də regional sabitlik və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edər”, - deyə məqalədə bildirilir.
 
Həmçinin BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “The London Post” internet saytında “Dərketmə uğrunda mübarizə: çevrilmiş gerçəklik” adlı məqaləsi dərc edilib.
 
Yazıda milli və etnik azlıqlar probleminə diqqət yetirilir. Qeyd edilir ki, adətən tarixboyu belə qruplar müxtəlif irredentist və ya separatçı hərəkatlar tərəfindən səfərbər olunur və bəzən qohum dövlətlər (milli azlıqları qonşu dövlətlərin tərkibində yaşayan dövlətlər nəzərdə tutulur) də bu azlıqlara yaxından dəstək göstərir. Müəllif Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DKAO) yaşayan erməniləri belə milli və etnik azlıqlara misal olaraq göstərir.
 
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və həlli ilə bağlı mövcud maneələr araşdırılır. Bu kontekstdə Ermənistan dövlətinin, eləcə də erməni diasporunun münaqişənin mahiyyətini təhrif etmək istiqamətində apardığı fəaliyyəti təhlil olunur. Diqqətə çatdırılır ki, münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməsi üçün ilk olaraq beynəlxalq ictimaiyyət Ermənistanın “cəzasızlıq sindromuna” son qoymalı, vahid və razılaşdırılmış tədbirlər həyata keçirməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin erməni işğalından azad edilməsinə nail olmalı, tarixi Qarabağ bölgəsindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtması üçün müvafiq tədbirlər həyata keçirməlidir.