Sənəd qəbulu davam edir

Xalqımızın ümumilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq müsabiqə yolu ilə işə qəbul prokurorluq orqanlarının kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılmasının sivil və mütərəqqi yolu olmuşdur.
 
Baş Prokurorluqdan trend-ə verilən məlumata görə, bu üsulla həyata keçirilən qulluğa qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsinə dair dövlət başçısının tövsiyə və tapşırıqlarının icrası istiqamətində mühüm vasitə olmuşdur.
 
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 15.04.2020-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu davam etdirilir.
 
Ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dövlət idarəçiliyinin bütün sferalarında olduğu kimi hazırda prokurorluq orqanlarının öz fəaliyyətini müasir dövrün tələblərinə müvafiq şəkildə təşkil etməsi, cəmiyyətdə formalaşan yeni çağırışlara uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha mobil və dinamik idarəetməyə malik struktur qurumları yaradılmış, dövlət başçısının diqqət və qayğısı sayəsində prokurorluq işçilərinin əmək haqqının artırılması ilə maddi və sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
 
Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində COVİD-19 epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan müvafiq sənədlərin (http://genprosecutor.gov.az/news/4/20371/azerbaycan-respublikasinin-bas-prokurorlugu-prokurorluq-orqanlarina-ise-qebulla-bagli-musabiqe-elan-edir) foto-surətini Baş Prokurorluğun kadr@prosecutor.gov.az ünvanına elektron formatda göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
 
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi və digər məsələlər barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat veriləcək. Sənəd qəbulu ilə bağlı 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat əldə etmək olar.
 
 

SON ƏLAVƏLƏR