Şuranın dəstəyilə nikaha hazırlaşanlar və gənc ailələr üçün layihə icra olunur

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkil edilməsi” layihəsinin icrasına başlayıb.
 
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihənin məqsədi COVİD-19 pandemiyasının şərtləri altında nikah aktlarını təxirə salan, gözləmə mövqeyi tutan şəxslər üçün konsultativ yardımlar təşkil etməkdir. "Belə şəxsləri yeni dövrün şərtlərinə uyğun formalaşdırılmış nikah mərasimləri formaları ilə tanış etmək, bu yolla, nikah proqramlarını yeni dövrün şərtlərinə uyğunlaşdırmağa sövq etməkdir. Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır. Mütəxəssislərin, ekspertlərin  bu yöndə təklif və tövsiyələrinin  ictimailəşdirməsi, cəmiyyətə çatdırılması və dərk edilməsi üçün KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədlərindən biri KİV-lərin bu sahədə rolunun stimulaşdırılmasından ibarətdir. Həmçinin, gənc, imkansız ailələrə konsultativ və maddi yardım göstərmək də  layihənin əsas məqsədləri sırasındadır".
 
Müşfiq Ələsgərli qeyd edib ki, pandemiya dövründə Azərbaycanda və digər ölkələrdə tətbiq edilən yeni nikah -toy mərasimləri formaları barədə bilgilər, həmçinin mövzu üzrə  ekspert  tövsiyyələri əyani vəsait – kitabça formasında toplanılacaq. "PDF variantda hazırlanacaq kitabça internet resurslarında  yerləşdiriləcək və hər kəs üçün əlçatan olacaq. İP göstəricisi yüksək olan internet TV-lərdən birində mövzu üzrə müzakirələr təşkil ediləcək. TV müzakirədə mövzu üzrə ekspert  iştirak edəcək, sualları cavablandıracaq. Bakı şəhərində, Cəlilabad və Masallı rayonlarında (sərt karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda) 30 nəfər gənc və imkansız ailə müəyyənləşdiriləcək, onlarla konsultativ söhbət aparılacaq və sosial yardım göstəriləcək".