QHT sədrindən Rövşən Hacıbəyliə cavab: Layihələr Bolqarıstan ictimaiyyətinin bir hissəsinin rəyinin Azərbaycanın xeyirinə dəyişməsinə imkan verdi

“Azadlıq.info” internet saytında, müəllifi Rövşən Hacıbəyli olan "Qarabağ həqiqətləri: çatdırılma.... pulludur" məqaləni diqqətlə oxudum. Bununla bağlı, şəxsi münasibətimi bildirmək istərdim. Qeyd edim ki, Qeyri-Hökumət Təşkilatları kommersiya təşkilatı deyil və maliyyə dəstəyi olmadan fəaliyyət göstərmək mümkün deyil. "Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına yardım" İctimai Birliyi tərəfindən “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional problemlər barədə Bolqarıstan ictimaiyyətinin məlumatlandırılması” mövzusuna dair layihələrin icrası Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi nəticəsində həyata keçirilib.
 
Bu fikirləri "Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına yardım" İctimai Birliyinin sədri “Akkord” beynəlxalq jurnalının baş redaktoru Mariya Hüseynova bildirib.
 
QHT sədri qeyd edib ki, layihələrin tərkib hissəsi olan Bolqarıstan rəsmiləri, KİV və ictimai cəmiyyəti ilə keçirilən tədbirlər və görüşlər, mütəmadi olaraq Azərbaycan və Bolqarıstan  KİV-ləri tərəfindən işıqlandırılıb. 
 
"O cümlədən, "Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına yardım" İctimai Birliyinin nəzdində olan və bolqar dilində nəşr olunan "Akkord" beynəlxalq jurnalı vasitəsi ilə bolqarıstan cəmiyyətinin nümayəndələrinə çatdırılıb. “Akkord” beynəlxalq jurnalında Dağlıq Qarabağ problemi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mövqeyi geniş işıqlandırılır. “Akkord” beynəlxalq jurnalı Bolqarıstan Parlamenti kitabxanasında təmsil olunur.
 
Bolqarıstan Parlamentində, Bolqarıstan Xarici İşlər Nazirliyində, Bolqarıstan Jurnalistlər İttifaqında, Bolqarıstan Yazıçılar Birliyində və bu sıra təşkilatlarda “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional problemlər barədə Bolqarıstan ictimaiyyətinin məlumatlandırılması” mövzusuna dair layihələr çərçivəsində keçirilən görüşlər nəticəsində Bolqarıstan ictimaiyyətinin bir hissəsinin rəyinin Azərbaycanın xeyrinə dəyişməsinə imkan verdi. 
 
"Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına yardım" İctimai Birliyinin fəal işi Beynəlxalq “EUROPRESS” Jurnalistika Akademiyası tərəfindən  “Həqq Adyutantı” mükafatına layiq görüldü.
 
Azərbaycanın Bolqarıstandakı səfirliyinin və "Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına yardım" İctimai Birliyinin  birgə fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan sərhədində Ermənistanın Azərbaycana qarşı baş vermiş son təxribatlar Bolqarıstan ictimaiyyətinə çatdırılıb. Bəyanat 200-dən artıq ünvana göndərilib. O cümlədən, Bolqarıstan Respublikasının Prezidentinə, Bolqarıstanın Baş Nazirinə, Parlamentə, KİV və s. Bununla əlaqədar, "Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına yardım" İctimai Birliyi istənilən KİV-in nümayəndələri ilə görüşməyə və görülmüş işlər barədə ətraflı məlumat verməyə hazırdır ki, sonuncularda heç bir şübhə qalmasın"-deyə M. Hüseynova deyib.