Qubada videokonfrans: "Pandemiya dövründə insan hüquqlarının müdafiəsi və multikultural dəyərlərin təbliği"

qhtxeber.az  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, yerli icmaların, müxtəlif etnik qrupların nümayəndələrinin iştirakı ilə Qubada "Pandemiya dövründə insan hüquqlarının müdafiəsi və multikultural dəyərlərin təbliği" mövzusunda videokonfrans keçirilib.
 
Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyevin moderatorluğu ilə keçirilən tədbirdə Ombudsman Aparatının şöbə müdirinin müavini-Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayıb. O, pandemiya dövründə insan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində Ombudsmanın fəaliyyəti haqqında ətraflı məlumat verib. Eyni zamanda Azərbaycanda tarix boyu müxtəlif xalqların, o cümlədən azsaylı etnik qrupların nümayəndələrinin sülh, əmin-amanlıq və dostluq şəraitində yaşadıqları diqqətə çatdırılıb.
 
Qeyd olunub ki, dünyanı cənginə alan COVID-19 pandemiyasına qarşı mübarizə milli, regional və qlobal səviyyədə güclü həmrəylik tələb edir. Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi dövründə Müvəkkilin əhalinin həssas qruplarının hüquqlarının təmini ilə bağlı yayımladığı xüsusi çağırışlara toxunan Z.Vəliməmmədli bu təcrübənin bir sıra nüfuzlu beynəlxalq qurumların nümayəndələri tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib.
 
Bildirilib ki, Azərbaycan cəmiyyətinin xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən izolyasiya tədbirləri ilə əlaqədar Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına qoşularaq həmrəylik göstərməsi koronavirusla mübarizədə böyük əhəməyyət kəsb edir.
 
Hüquq bərabərliyinin təmini və ayrı-seçkiliklə mübarizə sahəsinin Müvəkkilin fəaliyyətində mühüm yer tutduğunu bildirən Z. Vəliməmmədli bu istiqamətdə Ombudsman Aparatının əməkdaşlarının bilik və təcrübələrinin artırılması məqsədilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa Şurası ilə əməkdaşlıq edildiyini bildirib.
 
Sözügedən proqram çərçivəsində cari ilin əvvəlində yerli vətəndaş cəmiyyəti nümayəndələri və xarici ekspertlərin iştirakı ilə “Ombudsman İnstitutunun əməkdaşları üçün təcrübədə ayrı-seçkiliklə mübarizə” mövzusunda Qubada təlim-seminar keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
 
İştirakçılar multikultural dəyərlərin təbliği istiqamətində görülən işlərin xüsusi önəmə malik olduğunu, Azərbaycan xalqının dünyaya tolerantlıq və sülhsevərlik kimi ümumbəşəri dəyərlər aşıladığını bildiriblər.
 
Daha sonra Ombudsman Aparatının nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar.