Şura "Əlilliyi olan uşaqların sosial reabilitasiyası"nı dəstəkləyir

qhtxeber.az  "Çıraq" Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sumqayıt şəhər və ətraf qəsəbələrdən əhalinin ən həssas təbəqəsindən (ailə başçısı itirilmiş,bir ailədə 2 və daha çox əlilliyi olan uşaq və ya şəxs, şəhid ailəsi. və s.) olan ailələrdəki əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün "Əlilliyi olan uşaqların sosial reabilitasiyası" adlı layihəni həyata keçirir.
 
Layihə çərçivəsində müxtəlif diaqnozlardan olan (autizm,daun,uşaq serebral iflici,əqli qüsur və s.)20 əlilliyi olan uşağın sosial reabilitasiyası təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək. Eyni zamanda, müxtəlif siniflərdən olan, məktəb proqramını çətin mənimsəyən və yeni dərs ilində məktəbə gedəcək əlilliyi olan uşaqlara təlimlər keçiləcək. Uşaqların Sumqayıt şəhəri ilə yanaşı ətraf qəsəbələrdən (Saray, Ceyranbatan, Novxanı və s.) cəlb olunması heç yerə çıxışı olmayan ailələrin uşaqları ilə yanaşı valideynlərin də bu təlimlərdən faydalanmasına şərait yaradacaq. Layihə zamanı valideynlərə uşaq inkişafına dair təlimlər keçiləcək, tövsiyələr veriləcək. 
 
Pandemiya dövründə ailələrə böyük dəstək olacaq layihənin icrasına könüllülər cəlb olunub. Qeyd edək ki, layihə çərçivəsində təlimlərin təşkili zamanı tələb olunan karantin qaydalarına ciddi şəkildə əməl olunacaq.