Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

qhtxeber.az  Avropaya İnteqrasiya Mərkəzi (AİM) ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Daxili İşlər Nazirliyi ilə birgə müsabiqənin qalibi olan “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitabın hazırlanması, bu sahədə problemlərin aradan qaldırılmasında preventiv vasitə kimi e-maarifləndirmə təşəbbüsləri ilə bağlı layihənin icrasına başlanılıb.
 
Bütün dünyanın koronovirus pandemiyası ilə mübarizə apardığı bir məqamda insan alveri, insan orqanlarının ticarətinə dair sui-istifadə hallarının baş verməməsi, insan alverinin cinayət hüquqi tənzimlənməsi məsələsinin beynəlxalq və milli hüquqi aspektləri dövrün tələbi kimi çıxış edir. İnsan alveri cinayəti XXI əsrdə əksər dünya ölkələrində mütəşəkkil cinayətkar qruplar tərəfindən ən müxtəlif formalarda həyata keçirilən və maddi gəlir əldə etmək məqsədilə törədilən ağır cinayətlərdən biridir. Müasir dövrdə bu cinayətlə mübarizənin səmərəli nəticələrinə nail olunmsı üçün dünyanın müxtəlif hüquq sistemlərinə malik dövlətlərində insan alveri cinayətinin qanunvericilik aspektindən araşdırılmasını və hüquq-mühafizə orqanlarının təcrübəsinin müqayisəli təhlilinin aparılması xüsusilə zəruridir. 
 
Layihənin əsas məqsədi də məhz ölkəmizdə insan alveri cinayətinin qarşısının alınması üzrə preventiv vasitə kimi “İnsan alveri (beynəlxalq və milli hüquq normaları kontekstində)” e-kitabının dərc olunması ilə insan alveri ilə mübarizə üzrə milli və beynəlxalq hüquqi normalar barədə e-məlumatlandırma tədbirlərinin həyata keçirilməsindən ibarətdir.