QHT sədri Milli Şuranın zoom-konfransında görə niyə utanır?

Sosial şəbəkələrdə “Milli Şura – AXCP”nin növbəti videokonfrans formatındakı iclasının görüntüləri yayılıb. Qeyd edək ki, bundan əvvəl yayılan videolardan da görünürdü ki, həmin toplantılarda ciddi nəsə müzakirə edilmir. Qeybətxana şousunu xatırladan  son məclisdə “Milli Şura” üzvləri növbəti etiraflarını ediblər.
 
Vahid Məhərrəmli deyir ki, bekarçılıqdı, “tema” da yoxdu, gəlin biz hökumətdən karantinə görə bu dəfə 500 manat tələb edək, nəyə görə tələb edək, bilirik onsuz verməyəcəklər, amma biz bunu görüntü üçün də olsa ona görə deməliyik ki, xalq da görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq. Sonra Rahim Hacıyevin canlı yayımlara çıxmaqdan yayınmasına dair Koordinasiya Mərkəzinin xüsusi qərar çıxarması tələb edilir. Koordinasiya Mərkəzinin digər üzvü Gültəkin Hacıbəyli bu məqamda söhbətə “kurs” olaraq, R.Hacıyevin keçəl olduğunu, buna görə kompleks yaşadığını dilə gətirir, canlı yayımlara çıxmamasının səbəbini də bununla əlaqələndirir. R.Hacıyev işinin çoxluğunu, sosial şəbəkə üzərindən yazışmaların çox vaxt apardığını dilə gətirib özünə bəraət qazandırmaq istəsə də, Qənimət Zahid onun iş, daxili yazışma adı altında qeybətlə məşğul olduğunu söyləyir. Ünvanına səsləndirilən ittihamlar qarşısında deməyə söz tapa bilməyən R.Hacıyev əqidədaşı Q.Zahidin gəlib hay-küy saldığını, təklif səsləndirmədən çıxıb getdiyini qeyd edir. Ardınca da ona tövsiyə edir ki, efirdən səsləndirdiyi rəqəmlərdə diqqətli olsun, yanlışlığa yol verməsin, faktları təhrif etməsin. Buna cavab olaraq Q.Zahid “bizim işimiz hökuməti şərləməkdir”, – deyir.
 
Radikal müxalifəti təmsil edən siyasilər niyə bu günə düşüblər?
 
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin qurumun iclaslarının bir neçəsinə baxıb və bundan utanc hissi keçirib:“Çox maraqlıdır ki, hər dəfə belə mövzular ictimailəşəndən sonra həmin adamlar növbəti dəfə eyni mövzunu yenə davam etdirirlər. Deməli, bir nəticəyə gəlmək olar ki, onlar siyasətdən başqa nə ilə desən məşğul olurlar. AXCP-yə yedək olan həmin qurumu cəmiyyətdə kimsə ciddi qəbul etmir. Onların bünövrəsi də yaxşı qoyulmayıb. Vaxtilə Rusiyanın layihəsi olan bu təsisatı hamı atıb gedəndən sonra Əli Kərimli onun mirasına sahib çıxdı. Orda toplaşan adamlar siyasətlə məşğul olmadıqları üçün qeybət, dedi-qodu edirlər. AXCP sədri Əli Kərimlinin də müzakirələrə qoşulduğu bir iclasda Gültəkin Hacıbəyli açıq formada xalqı təhqir etdi, lakin ona kimsə irad bildirmədi.
 
Toplantı iştirakçılarından biri Əli Kərimlinin Sevinc Osmanqızının verilişində iştirakının “Eşkiya dünyaya hökmdar olmaz” serialı ilə eyni vaxta düşməməsini təklif edib. O bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin bu seriala baxması Osmanqızının verilişinə baxış sayını azalda bilər. Gültəkin Hacıbəyli isə ona cavabında “Bir millət ki “Eşkiya” serialına baxacaq, onda getsin hoppansın…” ifadəsini işlədib. Həmin müzakirlərdə tez-tez digər müxalifət partiyalarının funksionerləri təhqir edilir, aşağılanır. Toplantıların birində isə onlar neftin qiymətinin aşağı düməsi münasibətilə bir-birini təbrik edirdilər. Başqa bir iclasda Gültəki Hacıbəyli inəyin “ərinin” adının nə olduğu ilə bağlı sorğu keçirirdi. Digər  bir iclasda isə onlar cinsi azlıqları müzakirəyə çıxarmışdılar. Sonda Milli Şura cinsi azlıqların tərəfini tutub, Eldəniz Quliyevi qurumdan uzaqlaşdırdı. Bütün bu faktlar onu deməyə əsas verir ki, “Milli Şura” adlı siyasi təsisat yoxdu. Səviyyələri və fikirləri üst-üstə düşən bir neçə nəfərin  qeybət etməsinin siyasətə heç bir dəxli ola bilməz”.
 
Sözügedən müzakirələr adıçəkilən qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq edir. Belə bir təsisatın indiyə kimi niyə mövcud olması çox maraqlı görünür.