ABŞ-ın nüfuzlu jurnalında QHT-lərin Ermənistan sevgisini ifşa edən məqalə dərc edilib

ABŞ-ın “Newsweek” jurnalında Haym Solomon Mərkəzinin prezidenti və icraçı direktoru Paul Millerin müəllifliyi ilə “Koronavirus, korrupsiya və idrakın ziddiyətli ikiləşməsi QHT məkanına necə təsir göstərir” adlı məqalə dərc edilib.
 
Trend-in məlumatına görə, İsrail dövlətinə qarşı ikili standartlardan bəhs edilən məqalədə insan haqlarını müdafiə edən bəzi qrupların İsraili tənqid etdiyi halda, digər dövlətlər tərəfindən törədilən cinayətlərə göz yumulduğu qeyd olunur və bu xüsusda Ermənistan nümunəsi göstərilir.
 
İsraildən fəqli olaraq, Ermənistanın qeyri-hökumət təşkilatı (QHT) aləmində sevilən bir dövlət olduğu qeyd edilir. Belə ki, “Human Rights Watch” adlı QHT-nin Yaxın Şərq və Şimali Afrika bölməsinin sabiq direktoru və hazırda Quincy İnstitutunun araşdırma üzrə icraçı direktoru Sarah Lea Vitson kimi şəxslərin bariz nümunəsində İsrail kəskin tənqid edildiyi halda, Ermənitan-Azərbaycan münaqişəsi kimi digər on illərlə davam edən münaqişələrə biganə yanaşmanın nümayiş etdirildiyi vurğulanır.
 
Müəllif məqalədə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində həyata keçirilən qeyri-qanuni fəaliyyəti, bu ərazilərin BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş məlum qətnamələrində Azərbaycanın ərazisi kimi təsdiq edildiyini, həmçinin bu ərazidə həyata keçirilən qeyri-qanuni infrastuktur tikintilərini və bu barədə Sarah Vitson tərəfindən laqeyd yanaşıldığının açıq aşkar göründüyünü vurğulayır. "Human Rights Watch"un bu nümayəndəsinin hələ 2018-ci ildə Erməni Milli Komitəsi üçün maliyyə yardımının toplanması məqsədilə təşəbbüslə çıxış etdiyi və beləliklə də, bu komitənin əsas məqsədi kimi, işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Ermənistanın tərkib hissəsi kimi təşviq edilməsinə xidmət etdiyi qeyd olunur.
 
Beləliklə də, Sarah Vitson və onun kimilərinin insan haqları adı altında açıq şəkildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalına uzunmüddətli dəstəyini görməzdən gəldiyi qeyd olunur.
 
Məqalədə bu cür riyakar münasibət Sarah Vitson ilə məhdudlaşmır, bir sıra “Rockeffeller Brothers Fund”, “Foundation for Defence of Democracies” kimi digər QHT-lərin də oxşar mövqedən çıxış etdikləri qeyd edilir.
 
Eləcə də, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz olaraq istehsal olunan məhsulların rahatlıqla ABŞ və Avropa İttifaqı bazarına Ermənistanın məhsulu kimi daxil olması məsələsinə də diqqət cəlb edilir.
 
QHT aləmində olduğu kimi, erməni tərəfini dəstəkləyən bir sıra təşkilatlar, xeyriyəçilik adı altında fəaliyyət göstərən qurumlar və hətta siyasətçilərin hüquqazidd və korrupsiya əməllərinə görə ittiham olunduğu məqalədə vurğulanır.