UNESCO Beynəlxalq Savadlılıq Mükafatı üzrə müsabiqə elan edib

Builki müsabiqə savad öyrətməkdə və öyrənməkdə pedaqoqların rolu və pedaqogikanın dəyişməsi mövzusuna həsr edilib. Bu mövzu savad öyrədilməsinin ön cərgəsində olan müəllimlərə, onların gənclər və yaşlılar arasında savadlılığın təşviqi işinə verdikləri töhfəyə xüsusi diqqət ayırır. Bu isə Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü müddəasına müvafiqdir.
 
1967-ci ildən UNESCO savadlılığın yayılması sahəsində görkəmli nailiyyətlər və innovasiyalara görə Beynəlxalq Savadlılıq Mükafatını təqdim edir. Dünya üzrə 485-dən çox layihə və proqram bu istiqamətdə tanınıb və dəstəklənib.
 
Müsabiqəyə savadlılığın yayılmasında layihələr və proqramlarla kömək edən hökumətlər, qeyri-hökumət təşkilatları və ayrı-ayrı şəxslər ərizə verə bilər. Ərizələr iyunun 28-dək qəbul edilir.
 
Mükafatın 5 laureatı olur. Onlardan ikisinə UNESCO-nun savadlılıq üzrə kral Sejonq mükafatı, üçünə isə UNESCO-nun savadlılıq üzrə Konfutsi mükafatı təqdim edilir. Hər laureata medal, diplom və 20 min dollar verilir.