Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib.
 
Konfransda 300-dən çox QHT sədri, həmçinin bir sıra media qurumlarının nümayəndəsi iştirak edib. 
 
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev açılış nitqində prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı aparılan örnək mübarizədən, həmçinin dövlət başçısının ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışının QHT-lərin üzərinə qoyduğu vəzifələr haqqında danışıb.
 
Azay Quliyev bildirib ki, bu gün neqativ halların öncədən qarşısının alınması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlığın tam təmini üçün vətəndaş cəmiyyəti institutları daha fəal olmalı və bu məqsədlə ictimai nəzarəti  gücləndirməlidir. Şura sədri onu da vurğulayıb ki, son günlər bir sıra rayon icra hakimiyyəti başçılarının həbsi bir daha onu sübut edir ki,  cənab Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə sistemli və ardıcıl xarakter daşıyır və bu çətin mübarizədə ictimai sektor dövlət başçısını birmənalı və qətiyyətlə dəstəkləyir. 
 
Azay Quliyev dövlət başçısının çağırışına dəstək olaraq QHT Şurası ilə Aztv-nin birgə layihəsi kimi  həftəlik "İctimai nəzarət" adlı televiziya verilişinin hazırlanması və tamaşaçılarla təqdim olunması haqqında qurumun rəhbəri Rövşən Məmmədovla razılıq əldə olunduğunu da diqqətə çatdırıb.
 
Sonra konfransın əsas məruzəçiləri olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov “Ölkədə aparılan sosial-iqtisadi islahatlara QHT-lərin dəstəyi”, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “İctimai nəzarət  və etik standartlara riayət olunması”, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov “Yeni dövrün çağırışları və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış ediblər.
 
Onlayn konfransda AZTV- dən Faiq Hüsiyev, REAL TV- dən isə Lalə Nurəddinqızı çıxış edərək təmsil etdikləri televiziya şirkətlərinin Şura ilə hərtərəfli əməkdaşlığa, müxtəlıf mövzuda birgə layihələrin icrasına, ictimai nəzarətin təşkilinə hərtərəfli dəstək verilməsinə hazır olduqlarını bildirdilər.
 
Konfransda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ölkəmizdə  pandemiyanın geniş yayılmasının qarşısını alınması, 200 min ailəyə ərzaq yardımının edilməsi, qana ehtiyacı olan xəstələr üçün geniş qanvermə aksiyasının  təşkili istiqamətində və  ümumilli həmrəyliyin gücləndirilməsindəki töhfələrinə görə QHT sektoru adından təşəkkür bildirilib. Təşəkkür məktubunun mətnini Milli QHT Forumunun sədri Rauf Zeyni konfrans iştirakçılarının diqqətinə çatdırıb və mətn (əlavə olunur) yekdilliklə qəbul edilib.
 
Sonra QHT rəhbərlərinin iştirakı ilə müzakirələr davam etdirilib və səslənən təkliflər əsasında iş planın hazırlanması haqqında razılıq əldə olunub.