Əfsanə Şükürova: “Yeni qadağalar insanların təhlükəsizliyini gücləndirmək üçündür”

“Hələ də sosial məsuliyyətini anlamayan, şəxsi gigiyenasına diqqət etməyən, dünyada on minlərlə insanın ölümünə səbəb olan virusun yaratdığı risklərə dırnaqarası baxanlar az deyil. Bu mənada, hazırda həkimlərimizin üzərinə düşən yükü yüngülləşdirmək üçün maarifləndirmə işləri daha çox aparılmalıdır ki, bəzi vətəndaşlarımız vəziyyətin ciddiliyini dərindən dərk edə bilsinlər”
 
Yeni növ koronavirusun(COVID-19) dünyada yayılma arealı ilə yanaşı onun törətdiyi ağır fəsadlar da günbəgün genişlənir. Düzdür, virusun meydana gəldiyi ölkə olan Çində vəziyyət yaxşılığa doğru dəyişsə də, hazırda dünyanın əsas güc mərkəzləri sayılan ABŞ və Avropa ölkələrində durum ürəkaçan deyil. Bütün meqapolisləri, nəhəng şəhərləri izolyasiya edib insanları evə qapayan ölkə rəhbərləri hazırda yeni növ koronavirusun əlində aciz qaldıqlarını gizlətmirlər. Virusun dərman və vaksininin tapılmasına dair isə hələlik ciddi nəticələr yoxdur. Vədlər verilir, xəbərlər yayılır, amma belə görünür ki, dünya hələ bir neçə ay da gözləməli olacaq...
Belə bir durumda dövlətlərin əsas işlərindən biri öz cəmiyyətlərini maarifləndirmək, vətəndaşlarının daha çox evdə qalmasını təmin etməkdir. Bu, hazırkı çətin situasiyada ən effektiv variantdır. Bir sağlam şəxsin evdən kənara çıxaraq şəhərdə müxtəlif əşya və ya avadanlıqlarla təmasda olması, insanlarla ünsiyyətə girməsi onun virusa yoluxma riskini birə-beş artırır, üstəgəl həmin adam öz arxasında onlarla sağlam şəxsi təhlükə altına atır... Bu mənada hazırda virusla mübarizədə evdə qalmaq ən ideal variantdır. Elə Azərbaycan dövləti də bir aydır ki, bunu təbliğ edir, son günlərdə isə bu istiqamətdə sərt və təqdir olunası qərarlar qəbul edilib. Bu mənada hazırkı durumda cəmiyyətimizə çağırışlar edən ictimai fəalların, tanınmış şəxslərin, ziyalılarımız və digər kateqoriyadan olan aktiv insanların fikirlərinə, tövsiyyə və çağırışlarına daha çox ehtiyac yaranıb.
 
“İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova “Palitra”ya verdiyi açıqlamada deyib ki, hazırda gənclərimizin də sosial şəbəkələrdə aktiv fəaliyyətinə böyük ehtiyac yaranıb. Onlar maarifləndirmə işində fəal olmalı, sosial şəbəkələrdə tövsiyə xarakterli paylaşmaları daha çox etməlidirlər. O, hazırda həyatlarını riskə ataraq sözün həqiqi mənasında qəhrəmanlıq göstərən həkimlərimiz üçün aparılan sosial aksiyaların cəmiyyətdə təqdir edildiyini söylədi: “Hazırda cənab Prezident İlham Əliyev “Biz birlikdə güclüyük!” şüarı ətrafında cəmiyyətin bütün təbəqələrini və resursları virusun yaratdığı böhranla mübarizəyə səfərbər edib. Bundan başqa, məlum olduğu kimi “Evdə qal Azərbaycan!” və həkimlərimizlə bağlı da digər şüarlar cəmiyyətdə geniş səsləndirilir, təbliğ edilir. Bütün bunlar isə insanların maarifləndirilməsi, həmrəy olması üçündür. Maarifləndirmə mövzusuna toxunmuşkən qeyd edim ki, hazırda bu istiqamətdə görülən işlərə daha çox ehtiyac yaranıb. Yəni, sosial şəbəkələr, xəbər portalları, elə çap mediasının özündə belə, daha çox maarifləndirici xarakterli məqalələr, statuslar dərc edilməli, paylaşılmalıdır. Çünki hələ də sosial məsuliyyətini anlamayan, belə bir həssas və çətin dönəmdə şəxsi gigiyenasına diqqət etməyən, dünyada on minlərlə insanın ölümünə səbəb olan virusun yaratdığı risklərə dırnaqarası baxanlar az deyil. Bu mənada, həkimlərimizin üzərinə düşən yükü yüngülləşdirmək üçün maarifləndirmə işləri daha çox aparılmalıdır ki, bəzi vətəndaşlarımız vəziyyətin ciddiliyini dərindən dərk edə bilsinlər”.
 
“İndiki halda dövlət hansı addımı atırsa, biz, cəmiyyətin əsas, aparıcı qüvvəsi sayılan gənclər, ümumilikdə vətəndaşlar bunlara dəstək olmalıyıq, dövlətimiz ilə həmrəylik göstərməliyik. Bütün ağır durumlarda həmrəylik bizim əsas gücümüz olub. Dəstək olmaq üçün sizlərdən heç bir çətin addım atmağınız tələb olunmur, sadəcə müvəqqəti olaraq evdə qalın!”
 
Əfsanə Şükürova deyib ki, gənclik böyük güc, cəmiyyətin aparıcı qüvvəsi olduğu üçün onların da çətin günlərdə öz sözünü deməsi vacibdir: “Bu gün gənclərimizin də fəaliyyətindən çox şey asılıdır. Azərbaycan gəncliyi intellektual, yeniliyə, müasirliyə, sosiallığa daim açıq olan, amma milli kimliyini unutmayan bir gənclikdir. Bu mənada gənclərimiz prosesləri daha yaxından izləyir, dünyadan, baş verən hadisələrdən daha tez xəbərdar olurlar. Onların analizetmə qabiliyyəti, sosiallıqda daha geniş təmsil olunma üstünlüyü maarifləndirmə işində avantajımız ola bilər. Yəni, başqa cəmiyyətlərdən fərqli olaraq bizim ölkədə gənclər ictimai-siyasi proseslərdə daim aktivdirlər, sosiallaşma isə gənclərimizdə daha çox gedib. Qısası, hazırda onların maarifləndirmə işlərində fəallığına xeyli ehtiyac yaranıb. Azərbaycan hökuməti də gənclərinə, tələbələrə, ümumilikdə gəncliyə nə qədər həssas yanaşdığını ilk gündən ortaya qoydu. Bütün diplomatik kanalardan, resurslardan maksimum yararlanaraq xaricdə təhsil alan, köməksiz qalan tələbələrimizi, ümumilikdə vətəndaşlarımızı ölkəyə gətirdi, təhlükəsizlik baxımdan onları karantina alıb qayğıları ilə məşğul oldu. Yəni, bütün bu işlər paralel aparıldı - həm ölkə daxilində virusun geniş yayılmaması üçün ciddi tədbirlər görüldü, həm də xaricdə dediyim istiqamətdə təqdir ediləsi addımlar atıldı. Artıq bildiyiniz kimi martın 29-da və 31-də yeni qadağalar tətbiq edildi və bütün bunlar da insanlarımızın təhlükəsizliyini gücləndirmək üçündür. Müvəqqəti çətinlikdir, hazırda biz ağır tarixi günlərə, ümumbəşəri bəla hesab edilən yeni bir virusun yaratdığı genişmiqyaslı izolyasiya vəziyyətinə şahidlik edirik. İndiki halda dövlət hansı addımı atırsa, biz, cəmiyyətin əsas, aparıcı qüvvəsi sayılan gənclər, ümumilikdə vətəndaşlar bunlara dəstək olmalıyıq, dövlətimiz ilə həmrəylik göstərməliyik. Bütün ağır durumlarda həmrəylik bizim əsas gücümüz olub. Bunu Aprel döyüşlərində də görmüşük, digər çətin dövrlərdə də... İndiki halda isə bir daha qeyd edirəm ki, əsas olan gücü bir yerə toplamaq, çəkici eyni nöqtəyə vurmaq, həmrəy olub tibb işçilərimizə, hazırda işləri birə-beş artmış polislərə dəstək olmaqdır. Dəstək olmaq üçün sizlərdən heç bir çətin addım atmağınız tələb olunmur, sadəcə müvəqqəti olaraq evdə qalın!”.