BAMF prezidenti Umud Mirzəyev koronavirusla bağlı mübarizədə əhalini hökumətlə həmrəyliyə çağırır

Bu ilin başlanğıcından etibarən yayılan koronavirus xəstəliyi artıq dünyanın bir çox ölkəsini həm də bizim regionumuzu əhatə edib. Bütün dünyanı təşvivşə salan virusa qarşı Azərbaycan hökumətinin səlahiyyətli orqanları müvafiq tədbirlər görməyə başlayıb. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev ölkəmizdə aparılan tədbirlərin virusla mübarizədə dünya standartlarına uyğun olduğunu hesab edir. Bu barədə EDNews xəbər verir.
 
“Virusun ölkəmizdə aşkar olunması zamanından etibarən ölkə sərhədləri bağlanıb və xarici ölkələrə olan uçuşlar dayandırılıb. Bundan əlavə olaraq mütəmadi dezinfeksiya tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi qərara əsasən məktəblər, universitetlər və uşaq bağçaları daxil olmaqla bütün təhsil müəssisələrində təhsil dayandırılıb, kütləvi tədbirlər təxirə salınıb. Eyni zamanda virusla mübarizəni daha effektiv aparmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılıb”, BAMF-ın prezidenti ölkədə həyata keçirilən addımları bir daha diqqətə çatdırıb.
 
Umud Mirzəyev içtimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və Bakı, Sumqayıt və Abşeron rayonuna giriş və çıxışın müvəqqəti məhdudlaşdırılması qərarının virusun yayılmasının qarşısının alınmasında səmərəli olacağını inanır.
 
O, atılmış addımlardan başqa əhalinin koronavirusla bağlı və ondan necə qorunmaq haqda maarifləndirici tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edir.
 
“Beynəlxalq Avrasiya Mətbuat Fondunun yerləşdiyi Səbayıl rayonunda da lazımı addımlar atılmaqdadır. BAMF-ın ofis binası da daxil olmaqla rayon ərazisində yerləşən binalarda, yaşayış obyektlərində və yol kənarlarında tibbi-profilaktik və  dezinfeksiyaedici tədbirlər görülür. Bütün bunlardan əlavə olaraq əhalinin mütəmadi məlumatlandırılması işləri də həyata keçirilir”, deyə Umud Mirzəyev bildirib.
 
BAMF prezidenti əhaliyə Səhiyyə Nazirliyinin şəxsi gigiyena qaydalarına əməl etmək və mümkün qədər çox insan olan yerlərdə toplaşmamaq qərarına riayət etmələrini tövsiyə edir. O, hökumətin fəaliyyətindən əlavə olaraq virusla bağlı mübarizədə media qurumları və qeyri-hökumət təşkilatlarının daha da fəal olmalarının vacibliyini vurğulayıb. Umud Mirzəyev əhalinin məlumatlandırılmasında bu qurumların düzgün istiqamətdə işlər aparmasının əhəmiyyətini qeyd edib.
 
Atılan addımlara baxmayaraq əhalinin müəyyən bir qismində yanlış məlumatlanma və bundan yaranan təşviş vardır. Lakin əhalini hökumət orqanlarının müəyyən etdiyi qərarlara uyğun hərəkət etməyə çağırırıq. Nəzərə alaq ki, Azərbaycan Cənubi Qafqazda əhali sayına görə ən böyük olsa da virusa yoluxma sayında ən aşağı ölkədir. Buna görə də hökumət orqanlarına güvənmək və təşvişə düşməmək lazımdır. Bununla da biz virus əleyhinə aparılan addımlara kömək etmiş və təhlükənin tamamilə sovuşmasına nail ola bilərik”, deyə Umud Mirzəyev əhaliyə səslənib.