“Sağlamlığın Qorunması” İctimai Birliyi ölkə başçısının çağırışına dəstək verdi

Məlum olduğu kimi, koronavirus xəstəliyinin yaratdığı təhlükə ilə əlaqədar olaraq ölkə başçısının 19 mart 2020-ci il tarixli fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.  Fondun yaradılmasında məqsəd koronavirusa qarşı mübarizəyə maliyyə dəstəyi göstərmək, bu mübarizədə milli həmrəyliyi təmin etməkdir.
 
Bu günlərdə “Sağlamlığın Qorunması” İctimai Birliyi ölkə başçısının koronavirusla mübarizə çağırışına dəstək verib. Birliyin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva açıqlamasında hər kəsi ölkə başçısının çağırışına səs verməyə, bütün bəşəriyyəti təhdid edən təhlükə fonunda milli həmrəylik sərgiləməyə səsləyib:
 
“Bildiyiniz kimi, koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə başçısı tərəfindən ciddi addımlar atılıb ki, bunlardan da biri Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasıdır. Sevindiricidir ki, bir sıra dövlət qurumları, eləcə də sahibkarlar, özəl müəssisələr, qeyri-hökumət təşkilatları bu mübarizəyə dəstək verməkdədir. Biz də “Sağlamlığın Qorunması” İctimai Birliyi olaraq ölkə başçısının çağırışına səs verməyi özümüzə mənəvi borc hesab edir, bütün vətəndaşlarımızı dövlətimiz ətrafında sıx birləşməyə çağırırıq. Təhlükənin miqyası bizdən bir olmağı, ölkəmizi də təhdid edən qlobal təhlükəyə qarşı birlikdə mübarizə aparmağı tələb edir. Unutmamalıyıq ki, biz birlikdə güclüyük və yalnız aparacağımız birgə mübarizə, prezidentimizin, dövlətimizin ətrafında sıx birləşmək, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etmək, vətəndaşlıq və ictimai borcumuza sadiqlik sərgiləməklə bu təhlükədən qoruna bilərik.
 
Vətəndaşlarımızı koronavirusla mübarizə çərçivəsində verilən bütün qərarlara ciddi surətdə  əməl etməyə çağırır, hər kəsi ölkə başçısının çağırışına səs verməyə səsləyirəm”.