Yeni QHT yarandı: Ekoloji problemləri araşdıracaq

qhtxeber.az  “Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. 
 
Bu barədə məlumatı qhtxeber.az-a ictimai birliyin sədri Elman Cəfərli verib. 
 
“Bu ideya 2019-cu ilin martında yaranıb. Bir qrup təbiətsevərlə birlikdə qərara aldıq ki, ətraf mühitin qorunmasını təbliğ edən qeyri-hökumət təşkilatı yaradaq. Təşkilatı yaratdıq, bir sıra tədbirlər həyata keçirdik, yaşıllaşdırma aksiyaları təşkil etdik, insanlarla maarifləndirici söhbətlər apardıq. Sənədləri toplayıb Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim etdik, Baş idarə “Yaşıl dünya” EMİB-ni dövlət qeydiyyatına aldı”-deyə, E. Cəfərli bildirib. 
 
Birlik sədri ictimai birliyin məqsədləri haqqında danışıb: “Əsas məqsəd ölkədə, paytaxt Bakı şəhərində ekoloji problemləri öyrənmək, müvafiq təkliflər hazırlamaqdır. Məqsədimizə çatmaq üçün ekoloji problemlərin həlli sahəsində xarici ölkələrin müsbət təcrübəsini öyrənəcək, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifıər verəcəyik. Bundan başqa, aktual ekoloji problemlərlə bağlı ictimai müzakirələr təşkil etmək, bu sahədə araşdırmalar aparmaq niyyətindəyik”.
 
Elman Cəfərli deyib ki, təbətsevərlər “könüllülər ili” olan 2020-ci ildə xüsusi fəallığı ilə seçiləcək: “2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Biz də təşəbbüsə qoşulmaq, könüllülük hərəkatına töhfə vermək istəyirik. “Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin İdarə Heyətinin üzvləri gəncləri, fəalları könüllü yaşıllaşdırma işlərinə, Xəzər sahillərinin çirkabdan, tullantılardan təmizlənməsi, o cümlədən ətraf mühitin qorunmasına cəlb edəcəyik”.