Erməni analitik: “Əliyev öz təcrübəsi sayəsində debatda qalib gəldi”

Ermənistan cəmiyyəti Paşinyan elektoratı daxil olmaqla Münhendə nə baş verdiyini anlamaq istəyir, lakin heç bir obyektiv analiz almır.
 
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməni analitik, "Alternativ Layihələr Qrupu"nun rəhbəri Vahe Ovhannisyan deyib. O bildirib ki, Azərbaycanda media və ictimai rəy platformaları, ziyalılar, gənclər Münhen qələbəsini qeyd edir.
 
Erməni mediası isə sabiq prezidentlər Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanın çıxışlarından sitatlar verir. Erməni düşüncəsi hələ keçmişdə yaşayır və çox az təhlillər gələcəyə yönəldilib.
 
Ovhannisyan əlavə edib ki, Azərbaycan Prezidenti sağlam məntiqə fokuslanaraq öz təcrübəsi sayəsində debatda qalib gələ bildi.
 
"Münhendən sonra Paşinyanın komandası yeraltı vəziyyətə düşdü. Onun 88 nəfərlik şanlı parlamentindən heç bir səs çıxmadı. Onlar öz liderlərini qoruya bilmədilər. Bu, təkcə Paşinyanın faciəsi deyil, həm də o deməkdir ki, ölkədə siyasi çoxluq, siyasi sistem, siyasi düşüncə yoxdur və buna görə də böyük uğursuzluğun qarşısını almaq üçün zəmanət mövcud deyil. Və bu, çox ciddi narahatlıq doğuran məsələdir. Onu ehtiva edir ki, bugünkü siyasi düşüncə və resurslarla ölkə irəliləyə bilməz".