Paşinyanın bu rəzalətini hətta erməni siyasətçiləri və ekspertləri də etiraf etdilər

Asif Əsgərli


Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla panel  diskusiyasında  Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə qətiyyətli, cəsarətli, tutarlı faktlarla nümayiş etdirdiyi çıxış-təqdimat nəinki Azərbaycan ictimaiyyəti, eləcədə dünya siyasi dairələri, media qurumları və ekspertlər tərəfindən yüksək və obyektiv qiymətləndirilmişdir. 
 
Müzakirədə Ermənistanın rəhbərinin rabitəsiz, mövzuya uyğun gəlməyən, yalnız boş və uydurma ifadələr işlətməsi Paşinyanın bir daha diletant, siyasi və diplomatik cəhətdən savadsız bir hökumət başçısı olduğunu və hakimiyyətə küçədən gəldiyini göstərdi. 
 
Tarixi faktları saxtalaşdıran Ermənistan hökumət başçısına ciddi, arqumentli izahla cavab verən cənab İlham Əliyev bir daha dünya ictimaiyyətinə yalnız Dağlıq Qarabağ münaqişəsinin başlanması, həqiqətlər və real mənzərə haqqında deyil, eyni zamanda Qarabağın qədim və köklü tarixi, buradakı milli irsimiz və bu əzəli Azərbaycan torpağının əsl sahibinin Azərbaycan türkləri olduğunu inamlı şəkildə çatdırdı.
 
Erməni əhalisinin bu torpaqlara çox-çox sonralar süni şəkildə köçürüldüyünü və bu planın Rusiya imperiyasının Qarabağ xanlığını işğal etməsindən sonra baş verməsini real tarixi sənədlərlə izah edən Azərbaycan rəhbəri sovet hakimiyyəti qurulan zaman bolşeviklərin təsiri və təzyiqi ilə bu ərazidə rəsmi Bakıya bağlı muxtar vilayətin yaradıldığını da auditoriyaya bəyan etdi. Qarabağın tarixində heç vaxt erməni irsinin olmadığını əsaslandıran cənab İlham Əliyev hətta 1918-ci ildə qurulan müstəqil Cənubi Qafqaz respublikalarından biri kimi Azərbaycan Demokratik Cümhuriyyətinin İrəvan şəhərini də  daşnak Ararat respublikasına paytaxt olmaq üçün güzəştə getdiyini də bildirdi. İrəvan barədə “deməli nəsə sənə məxsusdur ki, onu kiməsə verirsən və ya bağışlayırsan” deyən cənab İlham Əliyev 1923-cü ildə Qafqaz Bürosunun qərarının da Azərbaycan daxilində olan Dağlıq Qarabağ ərazilərində müxtar qurumun yaradılması haqqında olduğunu bildirdi. Xocalı genosidini törədən Ermənistanın keçmiş rəhbərlərinin əməllərini gizlətmək istəyən Paşinyan yenə öz ampulasında olaraq, yalan informasiya ilə Azərbaycanın keçmiş rəhbərinin guya Rusiya qəzetinə verdiyi müsahibəsi ilə “cavab verən” Ermənistan rəhbərinə cənab İlham Əliyev bir daha xatırlatdı ki, belə bir açıqlama olmayıb və bu yalnız erməni jurnalistlərinin uydurmasıdır. 
 
Dili topuq vuran Paşinyan İlham Əliyevin bu həqiqətini təsdiq edərək, acizanə şəkildə bu tarixi reallığın “günahını” Lenin, Stalin və Atatürkdə “gördü”. Uydurma Tiqran miflərindən danışan Paşinyanın bu rəzalətini hətta erməni siyasətçiləri və ekspertləri də etiraf edərək, Ermənistan rəhbərinin Azərbaycının dövlət başçısı qarşısında utancverici vəziyətə düşdüyünü qeyd edirlər. 
 
Bu müzakirə ilə paneldə olan, eləcədə Münhen Təhlükəsizlik konfransına qatılan dövlət və hökumət başçıları, hökumət və parlament üzvləri, siyasi və dövlət xadimləri, ekspertlər və media vasitəsilə tədbiri izləyən bütün dünya bir daha münaqişənin həllinə daha yaxın və bu istiqamətdə maraqlı olan tərəfin Azərbaycan olduğunu və Ermənistanın avantürüst siyasətinin yalnız status-kvonu saxlamaqla danışıqlarla manipulyasiya etdiyini gördülər.        
 
Asif Əsgərli
Azərbaycan Demokratik Tələbə Gənclər
Təşkilatının sədri, Milli QHT Forumunun vitse-prezidenti