Şuşanın statusu

Asəf Quliyev


Erməni informasiya maşını Şuşa ilə bağlı yeni bir xəbəri dövriyyəyə buraxdı. Şuşanın statusu ilə bağlı. Guya Dağlıq Qarabağın erməni icması Şuşanı öz mərkəzi şəhərləri elan edəcək.
 
Xəbəri erməni təbliğat maşınının önəmli mexanizmlərindən biri olan “Regnum” yayıb.
 
Əslində bu mövzu barədə danışmağı vaxt itkisi hesab edirəm. Amma nəzərə alaraq ki, Azərbaycan mediası bunu müzakirə elədi, bəzi mühüm məqamları bölüşməyi lazım bildim.
 
Əvvəlcə informasiyanın yayılma mexanizmi barədə.
 
Erməni informasiya maşınının iş prinsiplərindən xəbərdar olanlar bilir ki, “Regnum” mühüm mexanizmdir. Və bu mühümlüyün qorunması bu işlə məşğul olanların marağındadır. Məhz buna görə də vaxtaşırı “Regnum” erməni siyasi dairələrinin “mətbəxinin qoxusunu” auditoriyaya ötürür. İnsafla demək lazımdır ki, bu xəbərlər arasında ciddi xəbərlər də olur. Buna görə də Şuşanın statusu ilə bağlı xəbərin “Regnum”da yayılması məlumatın kifayət qədər ciddi qəbul olunmasına hesablanıb. İnformasiyanın yayılması, həm də Azərbaycan auditoriyasında yayılması erməni informasiya maşınının məqsədinə nail olduğundan xəbər verir.
 
Bu məsələdə ən ciddi və xoşagəlməz nüans isə ondan ibarətdir ki, Azərbaycan auditoriyası bu xəbəri müzakirə etməklə, özünəməxsus şəkildə təpki göstərməklə informasiyanı ciddi qəbul etdiyini ortaya qoyub.
 
İndi isə xəbərin özü barədə bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. Birmənalı şəkildə demək lazımdır ki, bu, sadəcə blefdir. Ermənilər heç bir status dəyişikliyi etmək fikrində deyil. Çünki bu, ermənilər üçün əlavə problem və narahatlıq yaradacaq bir faktor ola bilər. Ola bilsin, bu informasiyaya Azərbaycan auditoriyasının həssas münasibəti erməniləri həvəsləndirəcək və vaxtaşırı bu barədə qıcıq doğuran məlumatlar yayacaqlar. Amma bu qıcıq doğuran informasiya Dağlıq Qarabağın beynəlxalq subyekt kimi Ermənistan tərəfindən tanınacağı barədə verilən vaxtaşırı bəyanatlardan başqa bir şey olmayacaq. Necə ki, Ermənistan Dağlıq Qarabağı beynəlxalq subyekt kimi tanıya bilmir, amma bununla bağlı vaxtaşırı məlumatlar yayılır, Şuşanın statusu da eləcə informasiya təzyiq mexanizmi kimi gündəmdə saxlana bilər. Amma heç vaxt reallaşmayacaq bir blef.
 
İndi isə Şuşanın və ümumiyyətlə, Dağlıq Qarabağın durumu barədə nəsə deməyə ehtiyac var.
 
Doğrudur, artıq ermənilər Şuşada işğalın ilk illərindən fərqli şərait qurublar. Amma bir çox məqamlar var ki, ermənilərin özünü çox ciddi narahat edir. Əvvəla, hələ də Şuşada yanmış evlər, xarabaya çevrilmiş tikililər qalmaqdadır. Deməli, şəhər tam məskunlaşdırılmayıb. Burada qalanların durumu da yumşaq desək, ürəkaçan deyil. Əlbəttə, Dağlıq Qarabağda yaşayan insanların böyük əksəriyyətinin buranı tərk etmək üçün sadəcə imkanı yoxdur. Kənardakı ermənilər isə məsələyə skeptik yanaşırlar. Yay ərəfəsində Dağlıq Qarabağın ictimai fəallarından birinin Facebook sosial şəbəkəsində etdiyi çağırış yaranmış situasiyanı çox gözəl ehtiva edir: “Bir çox ermənilər üçün Artsax təhlükəli zonadır. Artsaxa gəlmək, yay tətilini burada keçirmək lazımdır…”
 
Belə bir şəraitdə status xəbərinə sadəcə gülmək lazımdır. Amma biz müzakirə edirik…