QHT gənclər arasında könüllülük fəaliyyətini təbliğ edir

qhtxeber.az  “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi, onların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Biləsuvar rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə düşərgə keçirib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, düşərgənin açılış mərasimi Biləsuvar rayon Gənclər Evində baş tutub. 
 
Tədbirdə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev və Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə, təlimçilər və 35 nəfər gənc iştirak ediblər. 
 
Tədbiri giriş nitqi ilə açan Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov qonaqları salamlayıb, tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, ölkəmizdə gənc sahibkarlara yaradılan şərait və Azərbaycan gənclərinin sahibkarlıq sahəsində qazandığı uğurlar haqqında məlumat verib. 
 
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov və Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə çıxışlarında gənclərə ölkədə uğurla həyata keçirilən gənclər siyasətindən, həmçinin, maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs ediblər. 
 
Sonda “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Səbinə Əliyeva təşkilatın fəaliyyəti və layihə haqqında söhbət açıb. Layihə çərçivəsində 3 gün müddətində peşəkar təlimçilər tərəfindən gənclərə sahibkarlıq, sahibkarlıqda könüllülüyün rolu, rəqəmsal marketinq, layihələrin idarə olunması mövzularında təlimlər keçirilib. Gənclər Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi ilə yaxından tanış olub, rayonun Əliabad kəndində yerləşən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər.