“Bayrağımız qürurumuzdur”

qhtxeber.az  İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi Bayraq günü münasibətilə Zaqatalaya səfər edib. 
 
İlk olaraq Zaqatalada Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. 
Sonra Dövlət İqtisad Universitetinin Zaqatala filialı ilə birlikdə tədbir keçirilib. 
 
“Bayrağımız qürurumuzdur” adlı tədbiri Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru prof. Orucəli Rzayev açıq elan etdikdən sonra dövlət himni səsləndirilib. 
İSBAM sədri Samir Adıgözəlli 9 noyabr Bayraq günü münasibətilə çıxışında bu günün Bayraq günü kimi qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncamın verlilməsini vətənpərvərliyin təbliğinə və tariximizə verilən əhəmiyyətli qiymət olduğunu qeyd edib. 
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin Humanitar Məsələlər Şöbəsinin Baş məsləhətçisi Rauf Əhmədov, İSBAM sədrinin müşavirləri Həmid Cəfərov, Yasəmən Möhübbətqızı, Samir Şahverdiyev, universitetin tarix kafedrasının müəllimi dos. Qüdrət Qıtımov da çıxış edərək ilk dəfə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Naxçıvan MR-da rəsmi dövlət bayrağı olaraq qərar qəbul edilməsi və müstəqilliyimizin qazanılması istiqamətində gedən tarixi proseslər haqqında fikirlərini bildiriblər. 
 
Dövlət bayrağı ilə bağlı sənədli film nümayiş etdirilib və universitetin tələbələri hazırladıqları bədii proqramla çıxış ediblər. 
 
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, universitetin professor, müəllim və tələbə heyəti, İSBAM-ın Zaqatala nümayəndəliyinin rəhbəri Arif Abdullaev iştirak ediblər. İSBAM rəhbərliyi Zaqatala səfəri zamanı burada Ukraynanın böyük yazıçısı Taras Şevçenkonun abidəsini də ziyarət edib.