“Yetişməkdə olan nəslə texnologiya vasitəsi ilə millətimizə xas olmayan yad dəyərlər aşılanır”

Tarix onları unutmayanları və unutdurmayanları sevir. Bu gün öz soykökünə, adətlərinə, dədə-babalarımızdan bizlərə miras qalan milli-mənəvi dəyərlərimizə sahib çıxanlarımız yetəri qədərdir. 
 
Onlardan biri də "Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, Milli Yaylaq Festivalının ideya müəllifi və layihə rəhbəri Müzadil Zauroğludur. 
 
Redaksiyamızın qonağı olan M. Zauroğlu imzası olan layihələri ilə unudulmaqda olan adətlərimizi, idman növlərini, milli-mənəvi dəyərlərimizi bərpa etmək, onların unudulmaq təhlükəsini aradan qaldırmağı qarşısına hədəf qoyub. Deyir ki, bu gün yetişməkdə olan gənclərə onların kim olduqlarını, hansı söykökdən gəldiklərini xatırlatmalı, bu dəyərlərə sahib çıxmağı öyrətməliyik. Avropa mədəniyyəti hər nə qədər mükəmməl olsa da, bir dövləti daha güclü edən onun gənc nəslinin öz tarixi köklərinə bələd olması və ona sahib çıxmasıdır. 
 
- Yay aylarında böyük səs-səda doğuran Milli Yaylaq Festivalının keçirilməsi hansı zərurətdən yarandı?
 
- "Cavadxan” Tarix və Mədəniyyət Fondu olaraq uzun müddət idi ki, bu layihənin üzərində çalışırdıq. "Cavad xan oyunları", "El şənliyi" və bu kimi müxtəlif adlar düşünürdük. Sonda daha geniş "Milli Yaylaq Festivalı" adında dayandıq. Qismət bu ilə imiş. Unudulmaqda olan milli ənənələrimiz, qədim idman növlərimiz, xalq təsviri incəsənət nümunələrimiz, zəngin mətbəximiz var ki, onları olduğu kimi heç bir əlavə təsirlər olunmadan bu günün vətəndaşlarına təqdim etmək istəyirdik. Bu milli dəyərlərimizi yenidən canlandırmaq, xüsusən də gənclərimizə olduğu kimi təqdim etmək, bu ənənələrin unudulmaması və gənc nəslə ötürülməsi üçün belə bir festival həyata keçirdik. Artıq bu festival ənənə halını alacaq.  
 
- Festival günləri çərçivəsində həm sosial şəbəkədə, həm də Gədəbəydə sanki bayram ab-havası yaranmışdı.
 
- Bəli, insanların simasından o sevinc hissini duymaq mümkün idi. Festivalın günorta başlanacağını bildirməyimizə baxmayaraq, vətəndaşlarımız səhər saatlarından gəlib növdə gözləyirdilər. Biz o sevgini, istəyi, insanlarda olan o möhtəşəm bayram əhval-ruhiyyəsini əlbəttə ki, festivalın hər günündə, hər saatında hiss etdik. Bir qonağın dediklərini hələ də unutmuram. "Hamılıqla belə səmimi, sevinc dolu, saf hissləri bir həcc vaxtı kəbə ətrafında, bir də bu festivalda duydum”.
 
- Festival nə üçün məhz Gədəbəydə keçirildi?
 
- Bu yaylaq festivalı idi, ona görə festival üçün ən əlverişli ərazilərə nəzər saldıq. Yaylaq yerləri subalp çəmənliklərdir, o da haradasa dəniz səviyyəsindən 1500-1600 hündürlükdən başlayır. Gədəbəydə Kiçik Qafqaz sıra dağları ilə əhatələnmiş və festivalın keçirilməsi üçün əlverişli və gözəl mənzərəli bir yer tapdıq. Festivalın orada keçirilməsi, eyni zamanda o bölgənin turizminə hesablanmışdı. İlkin olaraq Göygöl, Gədəbəy və yaxud Daşkəsən ərazilərində uyğun bir yerdə keçirəcəyimizi düşünürdük. Hətta Daşkəsən rayonunda keçirilməsinə dair ilkin razılaşmalar da əldə olunmuşdu. Gədəbəy rayonunun icra hakimiyyəti başçısının festivala daha loyal yanaşması, daha istəkli olmasından irəli gələrək orada keçirməyə qərar verdik. 
 
- Biz orada yerli media ilə bərabər, əcnəbi medianı da gördük. Nəinki xarici media nümayəndələri, xarici mütəxəssislər də festival barədə ağızdolusu danışırdı. 
 
- Festival təşəbbüs "Cavad xan” Tarix və Mədəniyyət Fondu tərəfindən irəli sürüləndən sonra Türk İşbirliyi Kordinasiya Agentliyi (TİKA) tərəfindən dəstəkləndi. Birlikdə çalışaraq, xarici qonaqların bir qismini possovet ölkələrindən, digərlərini Avropadan dəvət etdik. Türkçülük ideologiyasına yaxın olan mütəxəssisləri çağırdıq. Festivalda təxminən 16 ölkədən 100-ə yaxın əcnəbi mütəxəssis iştirak edirdi. Onların içərisində xarici media nümayəndələri də var idi. 
 
- Bu festivalın insanların, xüsusən də gənclərin həyatında rolu nədən ibarət oldu?
 
- Daha çox yetişməkdə olan yeni nəsli, xüsusən də gənclərimizi hədəf olaraq götürmüşdük. Müasir texnologiyaların gənclərimizə neqativ təsiri var. Bu günün gəncləri bizim gördüyümüz oyunlarla böyümür. Yetişməkdə olan nəslə texnologiya vasitəsi ilə millətimizə xas olmayan başqa dəyərlər aşılanır. Düzdür, Avropa dəyərlərinin də yaxşı tərəfləri var, biz onlardan faydalanmalıyıq, amma biz onu bütövlüklə öz üzərimizdə tətbiq edə bilmərik. Biz öz kökümüzə xas olan ənənələrimizi təbliğ etməliyik. Festivalın da hədəf və məqsədlərindən biri o idi ki, milli ənənələrimiz, qədim idman növlərimizi, xalq oyunlarımızı təbliğ edək. Bundan sonrakı festivallarda da qalaqapı, çilingağac, aşıq-aşıq, dirədöymə oyunlarını olduğu kimi həyata keçirmək istəyirik. İstəyimiz odur ki, atçapma, oxatma, qurşaq tutub güləşmə kimi qədim ənənələrimiz sahib çıxaq. Hardan gəldiyimizi, dədə-babalarımızın hansı işlərlə məşğul olduğunu bilək. Demirəm, keçmişlə yaşayaq, ancaq keçmişimizi, tariximizi bilməliyik.  
 
- Gənclərin öz tarixinə və milli ənənələrinə sahib çıxması üçün sizcə, bu festival kifayət edirmi?
 
- Əslində, bu festival da o vasitələrdən biridir. Bunun üçün təbii ki, dövlət dəstəyi və siyasəti öz işini görür. Festival da bu yöndə gəncləri keçmişi ilə tanış etmək, onları daha da maarifləndirmək missiyasını həyata keçirir.  
 
- Ötən ay İstanbulda "Etnospor kültür festivalı”nda iştirak etdiniz. Bu festivalın mahiyyəti nədən ibarətdir?
 
- Milli Yaylaq Festivalına Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğanı dəvət etmişdik. Onlar da böyük sevgi ilə festivala qatıldılar. Festivalda həm türk idmançıları, sənətçiləri, həm də rəsmi nümayəndələr iştirak etdikdən sonra keçirdiyimiz festivalı çox bəyəndiklərini bildirdilər. Bir müddət sonra rəsmi şəkildə fəxri qonaq qismində məni İstanbulda keçirilən Etnospor kültür festivalına dəvət etdilər, orada müzakirələrdə iştirak etdik. Burada dünyanın bir çox ölkələrindən təşrif buyurmuş nümayəndələr və idmançılar iştirak edirdi. Festival Köhnə Atatürk hava limanı ərazisində keçirildi. Orada Qatardan, Argentinadan, Qazaxıstandan, Rusiyanın bir çox türksoylu bölgələrindən gələn mütəxəssislərlə görüşdük, müzakirələr etdik. Onlarla da razılığa gəldik, növbəti yaylaq festivalında iştirak etmək arzusunda olduqlarını bildirdilər. Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğanla görüşdükdə, Azərbaycanda Etnospor Konfederasiyasının xətti ilə milli idman növlərinin inkişafında müxtəlif tədbirlərin keçirilməsinə dəstək verəcəklərini bildirdi. 
 
- Bəs orada 2020-ci ildə Azərbaycanda keçiriləcək ikinci Milli Yaylaq Festivalının da müzakirələri oldumu?
 
- İkinci Milli Yaylaq Festivalı yenə Gədəbəydə keçiriləcək. Həm oradakı infrastruktur hazırdır, həm də yer baxımından uğurlu olduğunu düşünürük. Biz layihə başlayanda fikirləşirdik ki, festivalın keçirildiyi yer bir mövsümlük olacaq. Yəni bir il Göygöl rayonu ərazisində, növbəti il Daşkəsəndə, sonra Tovuz ərazisində etməyi planlaşdırırdıq. Festivala birinci dəfə gözlədiyimizdən də çox axın oldu. Festivalın mahiyyətindən xəbərsiz olduqları halda o qədər axın var idisə, hesab edirəm ki, artıq ikinci dəfə keçirilən festivala daha çox axın olacaq. Bir çox insanlar bizə sonradan müraciət edərək məlumatsız olduqlarını bildirmişdilər. Festivalı 60 minə yaxın insan izləmişdi. Bu uğuru davam etdirməyi qərara aldıq. Bu dəfə proqramı həm etnoqrafik, həm də idman və turizm tərəflərini daha çeşidli və rəngarəng şəkildə etməyi düşünürük. İstəyirik ki, bölgələrimizin də ayrı çadırlarını quraq. Misal üçün, Cənubi Azərbaycan şahsevənləri, qaşqayları, qarapapaqlarının ayrıca çadırı olsun. Gürcüstan, Dağıstan, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı yenə və daha çox sayda dəvət etmək niyyətindəyik. 
 
- Birinci festival 3 günlük keçirildi. Təbii ki, böyük bir layihə üçün 3 gün çox azdır. İkinci festivalı neçə gün keçirməyi düşünürsünüz?
 
- Adi göründüyünə baxmayın, idarəetmə baxımından festivalın gərginliyi çox idi. Festivalı uzun müddətli etmək, o qədər insan axınını doğru istiqamətləndirmək fiziki nöqteyi-nəzərdən çətindir. Gələn il festivalın keçiriləcəyi günlərin sayı artırılması mümkündür. Keyfiyyətə xələl gətirmədən günlərin sayını artırmaq imkanı olarsa, bunu düşünərik. 
 
- Siz, eyni zamanda "Cavad xan” Fondunun vitse-prezidentisiniz. Bu fond hansı zərurətdən yarandı?
 
- Bu fond 2005-ci ildə yaradılıb. Fondun yaradıcısı Cavad xanın düz xətlə kötücəsi olan, İsmayıl xan Ziyadxan oğlunun nəvəsi Valid xan Ziyadlıdır. Onun 82 yaşı var. Mən 3 il əvvəl fondda işləməyə dəvət almışam. Bilirsiniz ki, onlar təqiblərə məruz qalmış böyük bir nəsil olub. Bu fondunun yaradılmasının məqsədlərindən biri də Cavad xanın irsini araşdırmaq və bərpa etmək, şanlı tariximizi, zəngin mədəniyyətimizi bu günün gənclərinə aşılamaqdır. Bir amal uğrunda insanlarımızın maariflənməsi, cümhuriyyət irsinin, qəhrəmanlıq tariximizin təbliğ edilməsi üçün çalışırıq. Tariximizin elə şanlı səhifələri var ki, onun müəyyən hissəsi xalqımız üçün naməlum olaraq qalıb. Misal üçün, deyirlər Gəncənin son hökmdarı Cavad xandır. Ancaq həqiqətdə isə Gəncənin son xanı Cavad xanın böyük oğlu Uğurlu xan olub. Cavad xanın tapşırığına əsasən, Uğurlu xan 9 yaşlı qardaşı Əliqulunu götürərək gizli yollarla Gəncəni tərk edib. O, Uğurlu xanı ona görə qaladan çıxardı ki, onun mübarizəsini davam etdirsin. Uğurlu xan 22 il müddətində ruslarla mübarizə aparıb. İki dəfə Gəncəni ruslardan geri qaytarıb. 22 il müddətində ruslar onunla bacara bilməyiblər. Tariximizin yüzlərlə belə qəhrəmanlıq salnamələri var ki, biz onları araşdırıb insanlarımıza təqdim etməliyik. 
 
- Sosial şəbəkədə Gəncədə baxımsız qalan tarixi abidələrdən fotoreportajlar edirsiniz. Harayınıza səs verən olubmu?
 
- Əfsuslar olsun ki, son illər Gəncə ilə bağlı başıbəlalı işlər çox oldu. Tarixi abidələrimiz, Cavad xanın dəftərxanası dağıdıldı. Paylaşımlara gəlincə isə, deyərdim ki, müəyyən mənada nəticələri olub. Cavad xan küçəsində tarixi bina dağıdılırdı, onu işıqlandırdıqdan sonra dayandırdılar, yenidən bərpa etdilər. Ancaq yenə də istədiyimiz səviyyədə deyil. Məsələn, neçə illərdir ki, Qədim Gəncə Qalası tikinti zibilləri ilə doldurulur. Rəsmi qaydada müəyyən dairələrə müraciət etsək də, əfsuslar olsun ki, xoşagələn nəticələr yoxdur. 
 
- Noyabrın 3-də Azərbaycanda ilk dəfə olaraq yorğa atların yarışını keçirdiniz. İstərdik, yarışın mənası və mahiyyətindən danışasınız. 
 
- Azərbaycanda ilk dəfə olaraq tarixi yüz illərlə, bəlkə də min illərlə ölçülən, şanlı babalarımızın bizlərə miras qoyduğu Yorğa Atların rəsmi Azərbaycan Birinciliyini keçirilməsinə Atçılıq Federasiyasının təşkilati dəstəyi ilə müvəffəq olduq. Ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın at iştirak etdi, yüzlərlə tamaşaçı qatıldı. Binə Atçılıq Mərkəzində tribunalarda son illərdə ilk dəfə anşlaq yaşandı. Yorğa atlar dədə-babalarımızdan miras qalan, indi də bütün tərəkəmə camaatı tərəfindən istifadə edilir. Yorğa tam fərqli bir yeriş növüdür. Avropa və digər ölkələrdə olan atlarda bu yeriş növü yoxdur. Bəzi ölkələrdə bu yeriş növünü əldə etmək üçün uzun müddət ərzində xüsusi təlimlər keçirlər, müxtəlif qayışlardan istifadə edirlər. Bizim yorğa atlarda isə bu yeriş anadangəlmə, yəni təbii olur. Yorğa çox rahat yeriş növüdür, insan atların üstündə silkələnmir. Atla saatda 20-30 kilometr getdiyiniz halda, üstündə oturub rahat çay içə və yemək yeyə bilərsiniz. İnsan bu atların üstündə yorulmur. Yəni atlar uzun məsafəni qət etdiyi halda, nə çaparlar, nə də atlar yorulmur. Bilirsiniz ki, türklər tarixən hər zaman hərbi yürüşlər ediblər. Bu atları da qədimdən həmin tərzdə öyrədiblər. Bəzi mənbələrə görə, Göytürklərin vaxtından mövcuddur. Biz yorğa at sevərlərə ictimai birlik şəklində Yorğa Atçılıq Birliyini yaratmışıq. Azərbaycanda Qarabağ atları, dilboz atları rəsmi cins olaraq tanınıb, qeydə alınıb. Amma əfsuslar olsun ki, yorğa atlarımız qeydə alınmayıb. Halbuki, el arasında da ən çox məşhur olan yorğa atlardır. İstənilən kəndə gedin soruşarlar ki, at yeriyirmi? Bu o deməkdir ki, bunun yorğası varmı? "Yeriməyən” at, istər ərəb atı olsun, istər ingilis, lap bir milyon qiyməti olsun, yerli camaat deyər ki, bu, at deyil, bunu apar. Çünki uzaq məsafələri qət etmək, dağ, aran yerlərini gəzmək üçün bu atlar əlverişli deyil. Amma bizim yorğa atlar yüz, min illərlə köçəri həyat sürüblər. Yaylaq, qışlaq həyatı görüblər. Həm dağda, həm aranda olduqca dözümlü, yəhərin altında rahatdılar. Bizim əsas məqsədimizi də bu atların genefondunu bərpa etməkdir. Düşünürəm ki, lazımi və sistemli iş aparılsa, yaxın illərdə "Azərbaycan yorğası” adı ilə üçüncü milli at cinsimizi qeydiyyata aldırmaq mümkündür. Keçirdiyimiz bu yarışda həmin yolda olduqca vacib işlərdən biri, bəlkə də birincisidir.  (kaspi.az)