Şura “Azərbaycanda daimi yaşayan əfqan qaçqınlarının cəmiyyətə inteqrasiyası”nı dəstəkləyir

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Azyaşlıların hüquqi  maariflənməsinə kömək” İctimai Birliyi “Azərbaycanda daimi yaşayan əfqan qaçqınlarının cəmiyyətə inteqrasiyası” layihəsini icra edir.
Layihə çərçivəsində Azərbaycanda daimi yaşayan əfqan qaçqın ailələri ilə görüş keçrilib.
 
Görüşdə İctimai Birliyin sədri Nazlı Zeynalova layihənin mahiyyəti, Azərbaycanda dövlət tərəfindən qaçqınlara yaradılan şərait, beynəlxalq təşkilatların onlar üçün müəyyən etdiyi standartların milli qanunvericilikdə və təcrübədə tətbiqi haqda məlumat verib. O, son illərdə qaçqın probleminin beynəlxalq münasibətlərdə prioritet təşkil etdiyi, demokratik ölkələrin qaçqınlara göstərdiyi münasibət, üzləşilən problemlər haqqında danışıb. Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə yaranmış qaçqın və məcburi köçkün problemlərini, onların həllinə dövlətimizin diqqət və qayğısını xüsusi ilə qeyd edib.
 
N. Zeynalova Əfqanıstandan müharibə nəticəsində öz yurd-yuvalarını itirmiş, təhlükə ilə üzləşmiş, başqa ölkələrdə, o cümlədən Azərbaycanda sığınacaq tapmış əfqanların burada 25 ildən artıq yaşadıqlarını, özlərinə yeni vətən tapdıqlarını və heç bir diskriminasiyaya məruz qalmadıqlarını bildirib.
 
Layihənin hüquqşünası, qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiəsi sahəsində uzun illər BMT QAK-ın Bakı ofisi ilə əməkdaşlıq etmiş Leyli Quliyeva qaçqınlarla bağlı Beynəlxalq Konvensiyalar, qaçqın hüquqlarının müdafiəsində BMT QAK-ın Bakı ofisinin və Azərbaycan dövlətinin fəaliyyəti, qaçqın hüquqları ilə bağlı ölkəmizdə qəbul olunmuş normativ hüquqi aktlar haqda məlumat verib. Bildirib ki, əfqan qaçqınları əsasən Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdirlər.  
 
Azərbaycanda yaşayan əfqan qaçqınları icmasının başçısı Hüseyn Əzimi Azərbaycan xalqının və dövlətinin, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və İctimai Birliyin onlara göstərdiyi diqqətə görə minnətdarlıq edib, özünün bir milyondan çox qaçqını olan ölkədə onlara yaradılan şəraitdən danışıb. Uzun illərdir Azərbaycanda yaşayan əfqan qaçqınları Məhəmmədi Yusifi, Xanım Gül Nurulla, Ruhulla Rüstəmi, İzətulla Məhəmməd və başqaları əfqanların Azərbaycan cəmiyyətinə ağrısız inteqrasiyası üçün təkliflərini bildiriblər, mövcud problemlərin həlli üçün görülməsi zəruri olan tədbirlərdən danışıblar.