Şuranın dəstəyilə Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

qhtxeber.az  “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Uşaqlara qarşı Zorakılıqsız Həyat” adlı maarifləndirmə kampaniyasının təşkili layihəsi çərçivəsində Hacıqabul rayonunda maarifləndirmə tədbiri keçirib. 
 
Tədbirdə layihənin eksperti Əhməd Mansurov layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Hacıqabul Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
 
Ekspert uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, zorakılığın yaratdığı fəsadlar, zorakılığa məruz qalan uşaqların reabilitasiyasının zəruriliyi və digər  bu kimi məsələlər barədə ətraflı məlumat verib.
Uşaqların müdafiə, yaşamaq, inkişaf və iştirak hüquqlarına toxunan ekspert dövlətimizdə uşaq müdafiə sistemi haqqında iştirakçıları məlumatlandırıb. 
 
Tədbir zamanı müəllimlər öz fikirlərini bildirib, səmimi müzakirələr aparılıb və uşaqların çoxsaylı sualları cavablandırılıb.