Şuranın dəstəyilə Ankarada tədbir keçirilib

qhtxeber.az  Türkiyənin Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə “Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi və doğma yurduna geri dönmə mübarizəsi beynəlxalq kontekstdə. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyəti və perspektivlərinin təbliği “ layihəsi çərçivəsində tədbir keçirilib.
 
Tədbirdə AVİM-in (Avrasiya İncelemeler Merkezi) əməkdaşları, Ankara Universitetinin tələbələri, təşkilatın üzvləri, QHT sədri və başqaları iştirak ediblər.
 
Açılış mərasimində Türkiyə və Azərbaycanın Dövlət himni səsləndirilib. 
 
Tədbiri giriş sözü ilə açan "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin sədri Qafar Mehdiyev (Çaxmaqlı) layihə haqqında ümumi məlumat verib. Birliyin sədri Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının beynəlxalq sahədə təbliğinin nəinki Azərbaycan gəncinin, həm də türk gənclərinin öhdəsinə düşən vəzifə olduğunu qeyd edib və bu sahədə necə işlər görüldüyündən danışıb. Sonra o, layihə çərçivəsində iki dildə (azəri və ingilis) çap edilmiş “Dağlıq Qarabağda yaşayan azərbaycanlılar” adlı kitabçanı iştirakçılara təqdim edib. Tədbir iştirakçıları bu kitabçanın mübarizədə effektiv metod olduğunu vurğulayıblar, bu layihəyə dəstək verən qurumlara təşəkkür edib, uğurlar arzulayıblar.
 
Türk tarixçisi Sərdar Kozaklı mövzunun aktuallığına toxunaraq bildirib ki, Ermənistan dünyanın müxtəlif ölkələrində Türkiyə və Azərbaycana, millətimizə qarşı ideoloji təxribatları, ideoloji müharibəni davam etdirməkdədir. Bu təxribatların qarşısını almaq üçün son illər Azərbaycan dövləti qeyri-hökümət təşkilatlarına, dərnək və araşdırma mərkəzlərinə dəstək verməkdədir. “Dağlıq Qarabağda yaşayan azərbaycanlılar” adlı kitabçanın əhəmiyyətindən danışıb. 
 
Tədbirdə iştirak edən müxtəlif əhali qruplarından olan iştirakçıların çoxsaylı suallarına cavab verilib.
 
Qeyd edək ki, layihə çərçivəsində növbəti beynəlxalq tədbir Estoniyanın Tallin şəhərində həyata keçiriləcək.