Ukraynada “Azərbaycan multikulturalizmi sülhün və tolerantlığın fundamental konsepsiyası kimi”

Ukrayna tələbələri arasında “Azərbaycan multikulturalizmi sülhün və tolerantlığın fundamental konsepsiyası kimi” mövzusunda müsabiqə keçirilir.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, müsabiqənin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir. Ukraynada həyata keçirilən layihənin rəhbəri Marina Qonçarukdur. Müsabiqədə ilk üç yeri tutan iştirakçılar Azərbaycanda keçirilən qış və ya yay multikulturalizm məktəblərində iştirak edəcəklər. 4-10-cu yerləri tutan iştirakçılara qiymətli mükafatlar təqdim ediləcək. qaliblərin mükafatlandırılması mərasimi noyabr ayında Kiyevdə keçiriləcək.
 
Ukraynada keçirilən müsabiqənin məqsədi tələbələri multikultural Azərbaycanın tarixi barədə məlumatlandırmaq, təhsil sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığını nizamlamaq, tələbələri Azərbaycan multikulturalizmi konsepsiyası ilə tanış etmək, bu konsepsiyanı Ukraynada təbliğ etməkdir.
 
Tələbələrin müsabiqə işi yazılmasına daha savadlı yanaşmaları üçün layihənin əlaqələndiricisi Marina Qonçaruk müsabiqə çərçivəsində universitetlərdə təqdimat və mühazirələr keçirir. Bundan əlavə, Ukraynada dövlətə məxsus elm və təhsil müəssisələri ilə əməkdaşlıq haqqında memorandumlar imzalanması nəzərdə tutulur.
 
Marina Qonçaruk deyib: “Bir ilə yaxındır ki, Ukraynada Azərbaycan multikulturalizmi konsepsiyası ilə tanışlığa həsr edilmiş müxtəlif görüşlər və tədbirlər keçirirəm. İnanıram ki, bu Ümumukrayna müsabiqəsi çox müsbət nəticələr verəcək, çünki tələbələr belə tədbirlərə böyük maraq göstərirlər. Universitetlərdə görüşlər keçirəndə tələbələrin bu məsələyə marağını aşkar görürəm. Tələbələr mənə məktublar yazır, onlara multikulturalizm mövzusunda kitablar göndərməyimi xahiş edir, esse üçün mövzu seçimi barədə mənimlə məsləhətləşir, multikulturalizm ilə bağlı təqdimat və mühazirələrdən öyrəndikləri barədə öz fikirlərini və ideyalarını bölüşürlər. Ukraynalı tələbələr arasında Azərbaycan multikulturalizminə dair dialoq başlanıb. Hesab edirəm ki, bu, çox mühüm nəticədir. Əminəm ki, Azərbaycan multikulturalizminin populyarlaşdırılması və ukraynalıların bu barədə məlumatlandırılması dövlətlərimizin tolerantlıq, ümumbəşəri dəyərlərə, insan haqlarına və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanan ahəngdar və davamlı inkişaf baxımından bir-birinə oxşar olmaları barədə əvvəldən də məlum olan həqiqəti bir daha təsdiq edəcək”.
 
Qeyd edək ki, indiyə qədər Taras Şevçenko adına Kiyev Milli Universitetində, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində, V.İ. Vernadski adına Tavriçeski Milli Universitetində, Boris Qrinçenko adına Kiyev Universitetində, “Jitomirskaya politexnika” Universitetində Azərbaycan multikulturalizminə dair mühazirə və təqdimatlar keçirilib. Bu sahədə işlər davam etdirilir.