Şuranın dəstəyilə çəkilmiş “Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən istehsal edilmiş “Güllələnmiş Məzarlar” sosial filminin təqdimatı keçirilib.
 
Azərbaycan və ingilis dillərində hazırlanan film, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin, kənd məzarlığının erməni hərbi birləşmələri tərəfindən viran edilməsi, dağıdılması timsalında işğal altındakı yaşayış məskənlərimizdə məhv edilmiş bütöv bir sivilizasiya haqda məlumatların dünyaya çatdırmaq məqsədi daşıyır. 
 
Tədbirdə millət vəkilləri, media nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan BAMF prezidenti layihə haqda məlumat verib. O, işğal altındakı ərazilərimizdəki vəziyyəti dünyaya çatdırmağın əhəmiyyətindən danışıb. Bu məqsədlə çəkilən filmlərin önəmli olduğunu qeyd edib. Umud Mirzəyev işğal faktının dünyaya yayılması istiqamətində hər bir vətəndaşımızın maarifləndirmə aparmasının zəruri olduğunu bildirib: “Son 10 ildə Amerika və Avropa ölkələri, xüsusilə Fransa, Macarıstan, Latviya, Litva, Türkiyə, Misir, İsrail, Özbəkistan, Rusiya, Qətər, Pakistan, Vyetnam, və.s ölkələri təmsil edən 100-lərlə media nümayəndəsini, vətəndaş cəmiyyəti təmsilçilərini işğal olunmuş ərazilərlə həmsərhəd bölgələrimizə və bir hissəsi işğaldan azad edilmiş kəndimizə apardım. Qısa müddət ərzində işğal altında qalan kəndimizdə törədilən vəhşiliklər, güllələnmiş məzarlıq, dağıdılmış qədim bulaq, kəhriz və digər vandalizm aktları onların xatirəsində dərin iz buraxdı. Bu gün Qarabağın 900 dən yuxarı yaşayış massivi Aşağı Əbdürrəhmanlının üzləşdiyi acı taleyi yaşayır. Bu kəndlərdə, oblardakı evlərin yalnız iziləri qalmaqdadır”.
 
U. Mirzəyev son aylar BAMF-ın işğal altındakı ərazilərimizdəki vəziyyətlə bağlı bəyanatının BMT-İnsan Haqqları Şurasında 5 dildə dərc edildiyini bildirib. O, “Güllələnmiş Məzarlıq” sosial filminin Cenevrədə İnsan Haqqları Şurasının müxtəlif sessiyalarında, ayrı-ayrı müzakirələr zamanı nümayiş olunduğunu qeyd edib. Nobel Sülh Mükafatını qazanmış Beynəlxalq Sülh Bürosunun sentyabr ayında Berlində keçirilən “Avrasiyada Təhlükəsizlik” adlı toplantısı zamanı BAMF təmsilçisi Anastasiya Lavrina tərəfindən “Güllələnmiş Məzarlıq” filminin təqdim edildiyini vurğulayan BAMF prezidenti qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarında yaşamasına dair hüquqlarının təmin edilməsi, işğal olunmuş ərazilərimizdəki vəziyyətə dair beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının gərəkliliyini söyləyib. Bu işdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyəti qurumlarına göstərdiyi dəstəyin əhəmiyyətindən söz açıb. 
 
Tədbir millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələrinin müzakirələri ilə davam etdirilib.