Şəki “ASAN Həyat”da “ASAN Peşə” fəaliyyət göstərir

Şəki “ASAN Həyat” kompleksində fəaliyyət göstərən “ASAN Peşə” mərkəzində müxtəlif sahələr üzrə kurslar təşkil olunub. 
 
Kurslarda tütünçülük, bağçılıq, ipəkçilik, kompüter, şahmat, rəsm və dərzilik peşələri üzrə biliklər tədris olunur. Gələcəkdə belə kursların daha da genişləndirilərək digər sahələri də əhatə etməsi planlaşdırılır.
 
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ASAN Həyat” komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. “ASAN Peşə” mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz edilib. Belə kurslar Quba, Masallı, Mingəçevir və İmişli “ASAN Həyat” komplekslərində də təşkil olunur.
 
“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, iaşə obyektlərini də özündə birləşdirir. Burada vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
 
Şəki "ASAN Həyat" kompleksində əhalinin və əməkdaşların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə uşaq və istirahət meydançaları, oturacaqlar, digər rayonlardan gələn vətəndaşlar üçün avtodayanacaq, kafe, diskoteka, fəvvarə sahəsi və 2 kinozal var. Burada “ABAD” regional mərkəzi də fəaliyyət göstərir. Sayca beşinci olan bu mərkəz Şəki-Zaqatala iqtisadi bölgəsindən gələn ideya və müraciətlərə cavabdehdir. Hazırda “ABAD” proqramına bu bölgədən olan 48 “ABAD”çı ailəsi daxildir.