Şuranın dəstəyilə Qıraqlı kəndində tədbir təşkil edilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi “Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsini həyata keçirir.
 
Layihə çərçivəsində ikinci görüş Qıraqlı kənd ümumi orta məktəbdə təşkil edilib. Görüşdə yuxarı sinif şagirdləri, müəllimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. 
 
Görüş zamanı internetdəki zərərli informasiyaların şagirdlərə təsirindən danışılıb. Bildirilib ki, qlobal internet şəbəkəsi və texnologiyanın sürətli inkişafını nəzərə alsaq uşaqların zərərli informasiyalardan qorunması, həmçinin onların informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində maarifləndirmə günümüzün ən aktual problemlərindəndir. Hazırda ölkəmizdə əhalinin təxminən 80 faizi internet istifadəçisidir. Onların arasında məktəblilər üstünlük təşkil edir. Lakin heç də hamı internetdən məlumat almaq, maariflənmək məqsədilə istifadə etmir. Xüsusilə yeniyetmə və məktəblilər zərərli informasiyaların, şiddət təbliğ edən görüntülərin təsiri altına tez düşür. Bu problemdən çıxış yolu şagirdlərə maarifləndirici görüşlər keçirib, profilaktik söhbətlər aparmaqdır.
 
Diskussiya və aktiv müzakirələr şəraitində keçən görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Maarifləndirici tədbirlərin rayonun daha bir məktəbində təşkili nəzərdə tutulub. 
 
Qeyd edək ki, layihə çərçivəsində ölkənin ilk uşaq kanalı olan “ARB Günəş” telekanalında mövzuya həsr olunan televiziya proqramı yayımlanıb.