Şuranın dəstəyilə "Zərrə mənəm, günəş mənəm" mövzusunda ədəbi-bədii tədbir keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Aytam" Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyi Səməd Vurğunun ev muzeyində "Zərrə mənəm, günəş mənəm" mövzusunda ədəbi-bədii tədbir keçirib. 
 
Tədbirdə Muzeyin baş fond mühafizəçisi Xanım Şadlinskaya qonaqları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli 2019-cu ilin "Nəsimi ili" elan edilməsi barədə sərəncamına əsasən tədbir həyata keçirilir. 
 
Sonra "Aytam" Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı tədbirə qatılan qonaqları, eləcə də məktəb şagirdlərini salamlayıb və layihənin əsas məqsədi haqqında məlumat verərək bildirib ki, İmadəddin Nəsimi Azərbaycanın şairi, mütəfəkkiri, filosofo olmaqla yanaşı, Azərbaycan xalqınının çoxəsirlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkirdir. “Milli mənəvi şüurun təbliği və aşılanması baxımından Nəsimi irsinin öyrənilməsinə gənclər arasında daha çox diqqət edilməlidir. Azərbaycan şairi və mütəfəkkiri Nəsimi yaradıcılığının öyrənilməsi şagirdlərin mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir”. 
 
Aygün Zamanlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkür edib. 
 
Sonra Səməd Vurğun Ocağı İctimai Birliyinin sədri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, əzimkar şəxsiyyət kimi tarixdə əbədiləşən İmadəddin Nəsimi fenomeninin fikir və düşüncələri müasirlikdə əksini tapması üçün və gənc nəslin tərbiyyəsi üçün böyük əhəmiyyət kəsb edir. 
 
Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı İlahə Aslanova çıxışı zamanı Nəsiminin həyatı və onun həyatını əks etdirən "Nəsimi" filmi haqqında danışıb. 
 
AMEA Folklor İnstitutunun böyük elmi işçisi, dosent İlhamə Qəsəbova tədbir iştirakçılarını AMEA Folklor İnstitutunun əməkdaşları adından salamlayaraq qeyd edib ki, İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılıb. “Belə ki, 1979-cu ildə paytaxtımızda heykəli ucaldılmış, şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin yubileyi qeyd edilmiş, 2018-cin ildə ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festifalı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti 2018-ci il 15 noyabr tarixində Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 689 nömrəli şərəncam imzalayaraq 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyinin tamam olması münasibəti ilə 2019 cu ili Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi haqqında sərəncam imzalamışdır”. 
 
M.S. Ordubadinin xatirə-muzeyinin elmi işçisi İradə Vəliyeva, rəssam Hüseyn müəllim Nəsimi yaradıcılığının bütün Şərq ölkələrində tanındığını və onun 650 illik yubileyinin keçirildiyini söyləyiblər. Rəssam çəkmiş olduğu Nəsiminin portretini Aygün Zamanlıya hədiyyə edib. Tədbirdə Bakı şəhər Nəriman Nərimanov adına 45 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Sevil müəllimə çıxış edərək belə tədbirlərin keçirlməsinin əhəmiyyətindən danışıb. 
 
Adıçəkilən məktəbin şagirdlərinin və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin "Gənc bələdçi" dərnəyinin üzvlərinin ifasında "Zərrə mənəm, günəş mənəm" adlı ədəbi-bədii kompozisiya təqdim olunub, şairin yartadıcılığından qəzəllər səsləndirilib. 
Sonda məktəblilər və qonaqlar Səməd Vurğunun ev muzeyinin eksponatları ilə tanış olublar.