Şuranın dəstəyilə təlim: “Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq və ailələrlə sosial və psixoloji iş”

qhtxeber.az  “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq hüquqlarının müdafiəsi məqsədilə psixoloqların rolunun gücləndirilməsi” layihəsini icra edir.
 
Layihə çərçivəsində Tərtər rayonunda “Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq və ailələrlə sosial və psixoloji iş” mövzusunda məktəb psixoloqlarının iştirakı ilə 3 günlük təlim keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, təlimə Tərtər, Beyləqan, Ağdam və Goranboy rayonlarından olan 25 məktəb psixoloqu cəlb edilib. 
 
Təlimdə uşaq hüquqları və uşaqların vəzifələri, Uşaq hüquqları haqqında BMT Konvensiyası və Qanunvericilik, Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu gündəmə gətirilib, müasir praktik psixoloji xidmətin aktual məsələlərinə uyğun mövzular tədris edilib. 
 
Təlim iştirakçıları məişət zorakılığına məruz qalmış ailələrin uşaqlarına göstərilən psixoloji xidmət mövzularında maarifləndiriliblər. Təlimdə müxtəlif qiymətləndirmə formaları üzərində praktiki iş aparılıb. Tərtər rayon İcra Hakimiyyətinin nümayəndəsi və Tərtər rayon Təhsil şöbəsinin əməkdaşı təlimdə iştirak ediblər.