Şura məişət zorakılığına qarşı mübarizəni dəstəkləyir

qhtxeber.az  “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” layihəsinin icrasını davam etdirir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə çərçivəsində Ağdam rayonunun Bənövşələr qəsəbəsində, 2 saylı Ağdam Köçkün tam orta məktəbində ”Sağlam ailə, sağlam cəmiyyət”mövzusunda tədbir keçirilib. 
 
30 məcburi köçkünün iştirak etdiyi tədbirdə layihə rəhbəri Ə. Məmmədova təşkilatın fəaliyyəti və layihə haqqında ətraflı məlumat verib. 
 
Ekspert Ş. Dadaşova layihənin məqsədlərini açıqlayıb: “Son zamanlar xüsusi amansızlığı ilə yadda qalan məişət zorakılıqları nəticəsində baş verən ağır cinayətlər artmaqda davam edir. Boşananların sayı ailə quranların sayından çoxdur. Ailə üzvlərinin kriminal ünsürə çevrilməsində xarici təsirlərin də rolu az deyil. Hazırda yayımlanan xarici serialların əksəriyyəti Azərbaycanda ailə modelinə, ailə institutuna olduqca mənfi təsir göstərir. Ailələrdə zorakılıq, ağır cinayət hadisələri ilə sonuclanan halların azalması üçün dövlətin ailəyə qayğısı artmalıdır və hal –hazirda bu istiqamətdə işlər vüsət almaga başlayıb. Belə ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanunu (22 iyun 2010-cu il) qəbul olunub. Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir. Dövlətimizin zorakılıq hallarının qanun çərçivəsində qarşısının alınması istiqamətində atığı addımlar olduqca sevindirici haldır. Ancaq keçirdiyimiz tədbirlərdən məlum oldu ki,əhalinin qəbul olunmuş qanunlardan xəbəri yoxdur. Və qanunun təbliğinə böyük ehtiyac vardır. Biz də bir vətəndaş olaraq bu qanunun həyata keçirilməsində dövlətimizə dəstək olaraq öz tohvəmizi verməliyik Azərbaycanın ailə insititunu qoruyub saxlamalıyıq”. 
 
Sonra mövzu ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, iştirakçıların sualları cavablandırıldıb.