Şuranın dəstəyilə “Dövlət və xalq öz müdafiəçilərini heç zaman unutmur!” mövzusunda Dəyirmi masa keçirilib

qhtxeber.az  Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini yekunlaşdırıb.
 
Layihənin yekunu olaraq “Dövlət və xalq öz müdafiəçilərini  heç zaman unutmur!” mövzusunda Dəyirmi masa keçirilib. 
 
Tədbirdə Azərbaycanın Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsi yad edilib.
 
Layihə rəhbəri, «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsədi, layihə çərçivəsində Bakının, Səbail, Yasamal, Xətai, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhərinin və Astara, Lerik rayonlarında aparılan manitorinqlər və görülən işlər barədə məlumat verib. Həyata keçirilən layihə çərçivəsində, həmçinin şəhid ailələri arasında 11.000 manat məbləğində birdəfəlik sığorta vəsaitini almaları üçün maarifləndirmə işləri aparılıb, onlara hüquqi köməklik göstərilib.
 
Tədbir iştirakçıları, şəhid ailələri və müharibə veteranları çıxış edərək layihənin əhəmiyyətini qeyd ediblər və layihənin icrasına dəstək göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna təşəkkür ediblər.