Şuranın dəstəyilə Ucarda yeni subsidiya qaydaları mövzusunda təlim keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Aqrar sektora alternativ maliyyə mənbələrinin cəlb edilməsi ilə bağlı təlimlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti təlim Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ucar DAİM-in akt zalında baş tutub.
 
Təlimdə kənd nümayəndələri, bələdiyyə sədrləri, mühasiblər, fermerlər, aqrar könüllülər, fəal gənclər və QHT nümayəndələri iştirak ediblər.
 
Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Seymur Nəsirov təlimi açaraq Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın təsdiq edilməsini təlim iştirakçılarının nəzərinə çatdırıb. O, qeyd edib ki, bu qaydaya əsasən, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Direktor müavini, həmçinin yeni subsidiya qaydaları ilə bağlı geniş məlumat verib, çoxsaylı sualları cavablandırıb.
 
“Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov təlim iştirakçılarına layihənin donoru olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tətbiq etdiyi “Səlis” xidmət və İctimai Birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib. Təlimin mövzusuna toxunan QHT sədri qeyd edib ki, dövlətimizin daimi qayğısı və dəstəyi sayəsində ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmişdir. Bu gün kənd təsərrüfatının, xüsusən fermerlərə  subsidiyaların ödənilməsinin elektronlaşdırılması və digər xidmətlərin tətbiqi bu sektorda şəffaflığa və intensiv inkişafa münbit şərait yaratmışdır. O, Aqrar sektorda alternativ maliyyə mənbələri barədə məlumat verərək qeyd edib ki, alternativ maliyyələşmə aqrar sektorda yeni ideaların reallaşdırılmasına, intensiv inkişafa, məşğulluğun artmasına və kənd təsərrüfatı sektorunun gəncləşməsinə töhfə verəcək.  
 
Təlim çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” ətrafında geniş müzakirələr, debatlar olub. Kənd təsərrüfatı kooperasiyasının inkişafının gələcəkdə, istər məşğulluq baxımından, istər ərzaq təhlükəsizliyi baxımında geniş imkanlar yaradacağı və alternativ maliyyələşdirmə mənbələrinə geniş yol açacağı təlim iştirakçılarının ortaq fikirlərindən olub.
 
Tədbirdə  maraqlı diskussiya, mövzu ilə bağlı maraqlandıran suallar cavablandırılıb, layihənin icrası yollarından  bəhs edən kitabça və bukletlər paylanıb.