Şura məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək verir

qhtxeber.az  "Müharibədən zərər çəkmiş ailələrə dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlayıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihənin əsas məqsədi məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstəyin göstərilməsi üçün tədbirlərin təşkilindən ibarətdir. 
 
3 ay müddətində Ağdam və Bərdə rayonlarında həyata keçiriləcək layihə çərçivəsində Ağdam rayonunun Əlağalı Mədəniyyət evində təlim keçirilib. 
 
 
Təlimdə layihə rəhbəri Ətrabə Məmmədova təşkilatın fəaliyyəti və bəhsigedən layihə haqqında danışıb: “Son zamanlar xüsusi amansızlığı ilə yadda qalan məişət zorakılıqları nəticəsində baş verən ağır cinayətlər artmaqda davam edir. Kişinin öz həyat yoldaşına qəsd etməsi və ya əksinə, oğulun atanı öldürməsi və s. hallar artıq demək olar ki, adiləşib. Bu vətəndaş cəmiyyəti olaraq bizi də narahat edir və bütün bunların qarşısını almaq üçün çoxlu sayda tədbirlər həyata keçirmək, maarifləndirmə işləri aparmaq lazımdır”.
 
Təlimçi Şərqiyyə Dadaşova məişət zorakılığı, onun səbəbləri, nəticələri və “Məişət zorakılığının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunu” barəsində geniş məlumat verib. 
 
Sonra müzakirələr aparılıb. Müzakirələrdə məişət zorakılığı zəminində baş verən cinayətlərə qarşı mübarizəyə ictimai dəstəyin göstərilməsi üçün təkliflər dinlənilib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.