Şuranın dəstəyilə köçkün qəsəbələrində daha bir tədbir təşkil edilib

qhtxeber.az  “Məişət zorakılığına qarşı məcburi köçkün qəsəbələrində tədbirlərin təşkili” layihəsi çərçivəsində 7 saylı Cəbrayıl rayon Məcburi Köçkün Qəsəbəsində  təlim keçirilib. 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Himayədar” Tənha və Valideyn Himayəsinə Ehtiyacı olanlara Kömək İctimai Birliyi tərəfindən keçirilən təlimdə sakinlərlə yanaşı 7 saylı Qəsəbə İcra Nümayəndəsi Fazil Mahmudov və MİS müdiri Arif Əhmədov da iştirak edib.
 
“Zorakılığa yox deyək-ailəmizi qoruyaq” mövzusunda keçirilən təlimin məqsədi Cəbrayıl rayonunun 7 saylı Məcburi Köçkün Qəsəbəsində ailədaxili münasibətlərin ağsaqqal, ağbirçəklə xoş rəftar əsasında qurulması ənənələrinin bərpasına dəstək verməkdən ibarət olub. 
 
 
Təlimçi Nizami Musayev tədbir iştirakçılarına məişət zorakılığının baş vermə forma və səbəbləri, ondan çıxış yolları barədə ətraflı məlumat verərək, iştirakçıların müvafiq mövzuda suallarını cavablandırıb. 
 
Layihə eksperti Qızbəs Məmmədova məişət zorakılığının ümumiyyətlə cəmiyyət və dövlətin müştərək problemi olduğunu vurğulayıb və hər bir ailədə bu problemlərin həlli üçün zəruri addımların vaxtında atılmasının vacibliyini bildirib. 
 
Təlimdə Şirvan Regional QHT-nın Resurs və Təlim Mərkəzinin direktoru Əli Mirzəyev tərəfindən monitorinq aparılıb.