Şuranın dəstəyilə Gəncədə qida təhlükəsizliyinə həsr olunan tədbir təşkil olunub

qhtxeber.az  “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (İMD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qida təhlükəsizliyinə həsr olunan tədbirlərin təşkili” layihəsinə start verib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə çərçivəsində nəzərdə tutulan ilk təqdimat mərasimi Gəncə şəhərində baş tutub. 
 
Tədbiri giriş sözü ilə açan İMD-nın sədri Emil Əkbərov layihə barədə geniş məlumat verib: “Layihənin əsas məqsədi cəmiyyəti qida təhlükəsizliyinin əsas aspektləri ilə maarifləndirməkdən ibarətdir. Biz qida təhlükəsizliyi ilə bağlı istehsalçıları maarifləndirmək, əhali arasında “sağlam qida” şüarının məntiqi “açarını” təbliğ etmək, qida təhlükəsizliyi prinsiplərinin pozulacağı təqdirdə cəmiyyətə dəyən zərərin elmi izahını vermək, qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni ölkəmizə tətbiq etmənin yollarını araşdırmaq xüsuslarını da qarşıya məqsəd kimi qoymuşuq. Uzun müddətdir ki, biz bu sahədə mühüm işlər görmək istəyirdik. Layihə çərçivəsində sayt və müsahibələrdən ibarət 20 dəqqiqəlik video rolik hazırlanıb”.
 
Sonra araşdırmaçı jurnalist Zahir Rəhimov və internet-media ekspert Səbuhi Abbasov çıxış edib, layihənin əhəmiyyətindən danışıblar. 
 
Sonda layihə çərçivəsində hazırlanmış 20 dəqiqəlik informativ videorolik təqdim olunub.