Şuranın dəstəyilə İcbari Tibbi Sığorta haqqında maarifləndirmə işləri aparılır

qhtxeber.az  Masallı rayonunda “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib. 
 
Tədbirin məqsədi iştirakçıları 1 yanvar 2020-ci ildən bütün ölkədə tətbiq olunacaq İcbari Tibbi sığorta sistemi (İTS) barədə məlumatlandırmaq olub.
 
Tədbir Masallı rayon Heydər Əliyev Mərkəzində rayon Mərkəzi xəstəxanasının tibb heyəti və rəhbərliyi, Vərəməleyhinə xəstəxananın nümayəndələri və rəhbərliyi, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar, təhsil və mədəniyyət işçiləri, rayon inzibati ərazi bölmələrinin rəhbərləri, məktəb və uşaq bağçalarının əməkdaşları, yerli QHT-lər, digər maraqlı şəxslər və media nümayəndələri iştirak ediblər. 
 
Tədbirdə çıxış edən Masallı rayon Mərkəzi xəstəxananın əməkdaşı İlqar Məlikov İTS-in tətbiqinin Azərbaycanda səhiyyə sistemlərinin təkmilləşdirilməsinə, ailə həkimliyi, o cümlədən vərəm kimi bir çox xəstəliklərin erkən fazada aşkar olunmasında mühüm rol oynayan ilkin səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına təkan verəcəyini bildirib. 
 
Layihə rəhbəri Pərvanə Vəliyeva İTS haqqında əhatəli təqdimatla çıxış edib. 
 
Sonra tədbir iştirakçılarının sualları həkim-ekspert Samirə Muxtarova və Pərvanə Vəliyeva tərəfindən cavablandırılıb. Tədbir iştirakçılarının İTS mexanizmi barədə irad və təklifləri qeyd edilib və layihənin sonunda hesabat şəklində aidiyyəti dövlət qurumuna təqdim olunacağı bildirilib.   
 
Tədbirdə iştirak edən “İnkişafa Doğru Qadın təşəbbüsləri” İctimai birliyinin sədri Ziba Nəbiyeva İTS sisteminin ölkə əhalisinin sosial rifahını və sağlamlığını yaxşılaşdıracağını qeyd edərək hər kəsi bu sistemin iştirakçısı olmağa dəvət edib. 
 
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin layihə koordinatoru Mətanət Qaraxanova İcbari tibbi sığortanın ölkəmiz üçün əhəmiyyətindən danışaraq bu islahatın nəticəsi olaraq tibb işçilərinin nüfuzunun və əmək haqlarının artırılmasının sevindirici hal olduğunu qeyd edib.  
 
Tədbirdə çıxış edən Masallı Rayon Vərəməleyhinə Xəstəxananın baş həkimi Mirrəhim Nəbiyev xəstəxanada aparılan İcbari Tibbi Sığortaya hazırlıq işlərindən danışıb və əhali arasında müntəzəm maarifləndirmə işi apardıqlarını bildirib. 
 
Daha sonra layihə çərçivəsində hazırlanmış maarifləndirici sosial videoçarx – animasiya nümayiş olunub. 
 
Tədbir Masallı rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri ilə görüş və müzakirələrlə davam edib.