Şuranın dəstəyilə Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilər maarifləndirilir

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Bizim şəhər” Sumqayıt Sosial-İnkişaf Mərkəzi İB “Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilərin maarifləndirilməsi və qadın namizədlərin dəstəklənməsi” layihəsinin icrasını davam etdirir.
 
Layihə çərçivəsində Sumqayıt şəhər 9-cu mikrorayon məhəllə komitəsində 3-cü maarifləndirmə-məlumatlandırma tədbiri keçirilib.
 
Təşkilatın sədri Mətanət Zeynalova layihənin məqsədinin 27.12.2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində qadın seçicilərin maarifləndirilməsi, fəal qadınların öz namizədliklərini irəli sürməyə həvəsləndirmək olduğunu qeyd edib.  
 
Təlimçi Ramil Süleymanov qadınların idarəetmə sahəsində bilik, bacarıq və vərdişlərini artırmaq, onları ictimai-siyasi təcriddən qorumaq üçün ən yaxşı məktəbin bələdiyyələr ola biləcəyini bildirib.
 
İştirakçılar arasında ən fəal 6 qadın seçici namizədliklərini irəli sürən qadınlar üçün seminara seçilib. Bələdiyyə seçkiləri ilə bağlı hazırlanan materiallar tədbir iştirakçılarına paylanıb.