Şuranın dəstəklədiyi layihədən 350 nəfər faydalanıb

qhtxeber.az  “İstedadlı Əlillər” İctimai Birliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün həyata keçirdiyi “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzinin yaradılması” adlı layihəsi çərçivəsində görülmüş işlər haqqında yekun hesabat verib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, Birliyin rəhbəri Cavad Qasımov tədbir iştrakçılarını salamlayıb, layihə haqqında geniş məruzə ilə çıxış edib: “Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə həyata keçirilib. Layihədən ümumilikdə 350 nəfərdən çox insan bu və ya digər şəkildə faydalanıb. Layihənin icra müddətində 30 nəfər sağlamlıq imkanları məhdud uşağa və valideyinə sosial xidmət göstərilməsi nəzərdə tutulmuşdu. 4 aylıq layihə çərçivəsində bu qəbildən olan 70-dən çox ailəyə, o cümlədən 35 nəfər əlilliyi olan şəxsə sosial xidmət göstərilib. Layihə iştrakçılarından 30 nəfər sağlamlıq imkanları məhdud uşaq həm mərkəzdə, həm də ev şəraitində gündəlik təlimlərə cəlb olunub. Onlara gündəlik həyat vərdişləri, funksional və abilitasiya üzrə, qrup şəkilində və fərdi yanaşma üsulu ilə təlimlər keçirilib. 32 ailənin özünəməşğulluq proqramlarına qoşulmalarına, ünvanlı sosial yardım almalarına, işlə təmin olunmalarına dəstək göstərilib. 12 nəfər əlilliyi olan istedadlı şəxsin 300-dən çox əl işinin satış sərgisi və 10 nəfər musiqi istedadı olan fiziki imkanları məhdud şəxsin ifasında konsert proqramı təşkil olunub. Layihənin işçi qrupuyla, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Şöbəsinin və Həmvətənlərə Dəstək İctimai Birliyinin rəhbərlərinin və əməkdaşlarının birgə iştrakı ilə Saray qəsəbəsində yerləşən uşaq evinin sakinləri ilə görüş reallaşdırılıb, Masazır qəsəbəsində yerləşən “Məzunlar Evi”ndə yaşayan bir neçə ailə və bu kimi ailələrdə olan uşaqlar layihənin xidmətlərindən faydalanmağa cəlb edilib. Layihənin iştrakçıları olan bir çox aztəminatlı ailəyə Ramazan və Qurban bayramlarında ərzaq yardımı verilmişdi”. 
 
Sonra layhə üzrə sosial işçi Qubad Qasımov və digərləri mövzu ətrafında çıxışlar ediblər. 
 
Qeyd edək ki, layihənin məqsədi Abşeron rayonunda yaşayan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətlərinin göstərilməsindən, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarının inkişaf etdirilməsindən, valideynləriin icma əsaslı sosial reabilitasiya haqqında məlumatlandırılmasından ibarətdir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında sosial iş, gündəlik həyat (funksional) vərdişləri (abilitasiya), sosial-psixoloji dəstək, sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri, hərəkət problemləri (fiziki inkişaf) sahələrini əhatə edib.