Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Qurban bayramı” şənliyi təşkil edilib

Gənclər üçün Təhsil Mərkəzi Aran Regional Ofisi, Şirvan Gənclər Evinin birgə təşkilatçılığı və Şirvan Ailəvi Univermağın dəstəyi ilə  müqəddəs Qurban bayramı münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Şirvan şəhərində Qurban bayramı şənliyi təşkil edilib.
 
Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzi Aran Regional Ofisinin rəhbəri Yusif Poladov bildirib ki,  dövlətimizin uşaqların problemlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Mərkəz tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm layihələr, sosial proqramlar həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Adətən, insanlar bu bayramı ailə üzvləri, doğmaları, ən yaxınları ilə qeyd edirlər. Biz də bu bayramı böyük doğma ailə kimi bərabər qeyd edirik. Daha sonra hər bir kəsi müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edib.
 
Daha sonra çıxış edən Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov Bayram münasibəti ilə ailələri təbrik edib. Qeyd edib ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir. Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. ölkəmizdə uğurla həyata keçirilən sosial müdafiə siyasətinin prioritet istiqamətlərini təşkil edir.
 
 
Tədbir uşaqlar üçün təşkil olunmuş müxtəlif əyləncəli oyunlarla davam edib , balaca fidanların hazırladıqları səhnəciklər, şən mahnı və rəqslər xoş ovqat yaradıb.
Bayram şənliyinin sonunda iştirakçı uşaqlara bayram hədiyyələri təqdim edilib.